Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclası keçirilib.Senzor.az-ın məlumatına görə, tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şuranın üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.
AMEA-nın prezidenti, akedemik Ramiz Mehdiyev Elmi Şuranın əhəmiyyətindən danışıb və bir sıra prioritet məsələlərə toxunub. Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edən Ramiz Mehdiyev qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb. Alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb. AMEA prezidenti onu da əlavə edib ki, yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə görə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev məsuliyyət daşıyır.
İclasda AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin “Hidrogen energetikası, reallıqlar və inkişaf perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Mövzu ilə bağlı akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Adil Qəribov, müxbir üzv İslam Mustafayev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.