
ABŞ prezidenti Co Bayden hakimiyyətdə olduğu müddətdə bu fotoda gördüyünüz üç ölkə rəhbərinin üçünü də devirməyi və öz iradəsinə tabe etdirməyi hədəfləmişdi – Vladimir Putini, Rəcəb Tayyib Ərdoğanı və İlham Əliyevi.
Çünki hər 3 ölkənin amerikalıların iradəsindən kənar yaxınlaşma cəhdlərini ABŞ regionda öz maraqlarına ən böyük təhlükə sayırdı.
Son 3 il ərzində bu 3 ölkədən birində ABŞ-ın maraqlarına uyğun hakimiyyət dəyişikliyi yetərli idi ki, Rusiya ilə Türkiyənin münasibətləri korlansın, yaxınlaşma cəhdlərinin qarşısı alınsın və yenidən hər iki ölkə bizim də daxil olduğumuz böyük bir coğrafiyada davamlı qarşıdurma vəziyyətində olsunlar, amerikalılar da rahatca öz işlərini görsünlər.
Rusiya-Türkiyə əməkdaşlığından ən çox qazanan Azərbaycan olduğu kimi, hər iki ölkənin qarşıdurmasından ən çox itirən də Azərbaycan olacaqdı.
Ona görə də Ermənistanın arxasında gizlənmiş bütün Azərbaycan düşmənlərinin son 3 ildə ən çox hədəf aldıqları həm də Rusiya-Türkiyə əməkdaşlığı idi...
Amerikalılar 2023-cü ildəki 14 may seçkilərində Ərdoğanı yıxacaqlarını gözləyirdilər, alınmadı. Bu seçkilərdə Ərdoğanın qalib gəlməsini ən çox istəyən və açıq şəkildə buna çalışan iki dövlət başçısı vardı - Putin və Əliyev.
2024-cü ilin 7 fevralında Azərbaycanda, 17 martında isə Rusiyada prezident seçkiləridir. Hər ikisində də Baydenin yıxa bilmədiyi 2 namizədin – Əliyevin və Putinin çox yüksək faizlə qalib gələcəyinə şübhə yoxdur.
ABŞ və Avropa İttifaqının (Aİ) hər iki ölkədə - həm Azərbaycanda, həm də Rusiyada dəstək verdiyi siyasi qüvvələrin qalib gəlmək imkanları olmadığından, onlar indidən bu seçkiləri qeyri-legitim elan ediblər.
Bu isə o deməkdir ki, Azərbaycan və Rusiya hakimiyyətlərini qeyri-demokratik vasitələrlə dəyişmək planı ABŞ və Avropa İttifaqı üçün gələn ilin sonunadək aktual olacaq.
Qərbin bütün bu planlarını məhv etməyin ən yaxın və ən yaxşı yolu rəsmi Vaşinqtonun və Brüsselin regionda maşası rolunda çıxış edən Paşinyan Ermənistanını ən qısa müddətdə sülhə məcbur etmək, ABŞ və Avropa İttifaqının regiona pozucu müdaxilələrinin qarşısını almaq və Azərbaycanın təklif etdiyi “3+3” formatının işləkliyini təmin etməkdir.
Regionda sülh "Qarabağ İttifaqı"nın - Ərdoğan-Əliyev-Putin triosunun Bayden üzərində öldürücü qələbəsi və həm də ABŞ-dakı 2024-cü il seçkilərinin taleyini indidən həll etmək deməkdir! 