
Oktyabrın 7-dən üzübəri Qəzzada yaşananlar və bu hadisələrə reaksiyalar həm də İslam dünyasının - özünü müsəlman sayan ölkələrin, xalqların, ictimai-siyasi təşkilatların və liderlərin imtahanıdır.
Qəzza əhalisinin, Fələstin xalqının öz evlərini işğalçılardan qorumaq mübarizəsinə beynəlxalq müstəvidə iki ölkə - rəhbərləri Qərbin iradəsinə boyun əyməyən Türkiyə və İran ciddi diplomatik dəstək versə də, ABŞ-İsrail tandeminin bu vəziyyətdən yararlanaraq, regionda böyük müharibə başlatmaq planları hələlik hər iki ölkəni hədsiz dərəcədə ehtiyatla davranmağa vadar edir.
Qəzzaya döyüş meydanında real dəstəyi yalnız Türkiyə və İran yaxınlaşmaqla, ortaq hərəkət etməklə verə bilər ki, ABŞ-İsrail tandemi də hər vasitə ilə bu yaxınlaşmanın qarşısını almağa çalışır.
Elə Kirmandakı terror hadisəsini ABŞ-İsrail tandeminin İslam coğrafiyasındakı maşası funksiyasını yerinə yetirən İŞİD-in öz üzərinə götürməsi də bir daha təsdiqləyir ki, əsas məqsəd Türkiyə-İran yaxınlaşmasını önləmək, Yaxın və Orta Şərqdə bu iki müsəlman ölkəsinin birgə hərəkətinin qarşısını almaqdır.
Hazırda ABŞ-ın Orta Şərqin 11 ölkəsində 46 hərbi bazasının olduğu bildirilir və bu hərbi bazalar həm də İsraili qoruyur, israilli hərbçiləri informasiya və silahla təchiz edir. Yəni, faktiki olaraq, ABŞ hərbçiləri İsrailin Qəzza əməliyyatının iştirakçılarıdır. 
ABŞ-İsrail tandeminin ehtiyatlandığı odur ki, Türkiyə və İran bir araya gələrsə, bu, hər şeydən əvvəl, ABŞ hərbçilərinin olduğu Suriyada və İraqda Ankarayla Tehranın birgə hərəkətinə və məhz Rusiya hərbi bazalarının da yerləşdiyi Suriya ərazisindən Qəzzaya hərbi dəstəyin verilməsinə, eləcə də Qərbin nəzarətindəki PKK/YPG dəstələrinin məhvinə gətirib çıxara bilər.
Eyni zamanda, Türkiyə-İran yaxınlaşması daha bir strateji məntəqədə - Ədən körfəzində də birgə əməkdaşlıq, İslam dnyasının qeyrət simvoluna çevrilən Yəmən husilərinə davamlı dəstəyin təmin edilməsi deməkdir ki, bu da öz növbəsində Avropa iqtisadiyyatının çökdürülməsində və Qərbpərəst ərəb monarxiyalarının, o cümlədən Səudiyyə Ərəbistanının İran-Türkiyə xəttinə gətirilməsində çox böyük rol oynaya bilər.
Ona görə də Türkiyə-İran yaxınlaşmasını həm İsrail, həm də ABŞ Orta Şərqdə mövqelərinin zəiflədilməsi və səlibçi-sionist ittifaqının fəlakəti kimi qarşılayırlar.
Kirmandakı terrorun ardınca səlibçi-sionist düşüncə sahibi olan siyasətçilərdən birinin - ABŞ dövlət katibi Blinkenin Türkiyəyə səfərinin kökündə də, əslində, rəsmi Ankaranı İran və Rusiya ilə yaxınlaşmaq, bu ölkələrlə ortaq hərəkət etmək siyasətindən çəkindirmək və eləcə də Türkiyənin Qəzza probleminin çözümüylə bağlı son təkliflərini dinləmək məqsədi yatır.
Çox böyük ehtimalla, Blinkenin Ərdoğanla danışıqlarının nəticəsindən asılı olaraq, İran və Rusiya prezidentlərinin Türkiyəyə çoxdan planlaşdırılan səfərlərinin tarixlərinə də aydınlıq gələcək.
Blinkenin Yaxın Şərqə səfəri öncəsi Türkiyədə "Mossad"a qarşı əməliyyatların genişləndirilməsi və İslam dünyasının qeyrət simvolu sayılan Yəmən husilərinin İsrail əleyhinə təşkil etdikləri aksiyaya milyonlarla insanın qatılması, “Cihad!” çağırışlarının yüksəlməsi və eləcə də Babül-Məndəb boğazından - Avropa iqtisadiyyatının nəfəsliyindən yapışmaları, İranın da öz hərbi gəmilərini bu bölgəyə göndərməsi ABŞ-a növbəti və son xəbərdarlıqdır ki, əgər İsrailin Qəzzada əməliyyatlarını tezliklə dayandırmağa çalışmasa, ən böyük hədəf onun Orta Şərqdə İsraili qoruyan hərbi bazaları, amerikalı əsgərlər olacaq!
Savaş qaçılmazdırsa, İslam dünyasının yolgöstəricisi - Kitabı bu haqda deyir: "Sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun! Həqiqətən, Allah həddi aşanları sevmir"! ("əl-Bəqərə", 190)
