
“Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib”.
Senzor.az bildirir ki, bunları Bakıda bir ailənin beş üzvünün qətlə yetirilməsi ilə bağlı REAL TV-nin rəhbəri Mirşahin Ağayevə eksklüziv müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
“Belə şəxslərin azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub və cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, - deyə Kamran Əliyev vurğulayıb.
Qeyd edək ki, Baş prokurorla geniş müsahibəni REAL TV-nin efirində yayımlanacaq “Mir Şahinin vaxtı” proqramında izləyə bilərsiniz.