
Əli Əsədov Baş nazir təyin edilib.
Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əli Əsədov Baş nazir təyin edilib.
Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
**11:22
Azərbaycanın Baş naziri vəzifəsinə namizəd Əli Əsədov növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi və sərhədlərin toxunulmazlığının təmininin prioritet məsələ olacağını bildirib.
Senzor.az-ın məlumatına görə, o, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Ə.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları azad etməsi ilə ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tarixinin ən şanlı səhifəsidir.
"Növbəti dövrlərdə hərbi sahədə bir çox nailiyyətlərin əldə edilməsi, sərhədlərin toxunulmazlığının təmini əsas prioritet məsələ olacaq. Sosial sahədə inkişaf dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Əhalinin rifahının yaxşılaşdırılması, eləcə də şəhid ailələri və müharibə əlillərinin sosial rifahı önəmli vəzifə kimi yenə də hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə, azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşması, müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olacaq", - əlavə edib.
**11:18
Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.
Senzor.az-ın xəbərinə görə, onun namizədliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.
Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.
Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.
**10:10

Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
Senzor.az bildirir ki, onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
**09:46

Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.
Senzor.az-ın məlumatına görə, "Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindən sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.