Tarixdə Kərbəla Müsibətinə Xocalı Çoyqırımı kimi bənzəyən ikinci hadisə tanımıram. Xocalıda qətlə yetirilənlər arasında yaşlı İmam Hüseynin də, gənc Həzrət Abbas və Əli Əkbərin də, yeniyetmə Qasimin də, boğazından oxlanaraq öldürülmüş altı aylıq körpə Əli Əsğərin də, əsir alınmış Həzrət Zeynəbin də yaşıdları var idi. Xocalı-hər bir yaş dövrünə mənsub olan müsəlman üçün əzab, məşəqqət, dözüm və dəyanət, fədakarlıq məktəbi, baxıb unutmamaq səbəbi…səma altında açıq məbəddir…
Kərbəlada şəhid olanlar kimi Xocalıda şəhadətə yetişənlərə də yalan deyərək tələyə salmış, sonra xüsisi amansızlıqla, Şümr allahsızlığı ilə qətlə yetirmişdilər.
Bütün bəşəriyyəti bilmirəm, amma ən azı müsəlman dünyası Xocalı düzünü Kərbəlaya bərabər tutmalıdır. 72 şühədaya bərabər 613 şəhidi… Xocalı və Kərbəla şəhidləri bir-biri kimi və bir-biri qədər müqəddəsdir! Kərbəla düzü. Xocalı düzü!
26 Fevralda hamımız xocalıyıq!
26 Fevralda hər yer Xocalıdır!
Mir Şahin Ağayev,
REAL TV-nin rəhbəri
**
Senzor.az-dan xatırlatma: REAL TV-nin rəhbəri Mir Şahin Ağayev hələ bir ay əvvəl Xocalı faciəsinin törədildiyi ərazidə olmuş və müəllifi olduğu populyar “Mir Şahinin vaxtı” verilişinin növbəti buraxılışını məhz oradan hazırlamışdı.
O, əvvəlcə 1992-ci il fevralın 26-da Xocalı düzündə qətlə yetirilən 613 şəhidin ruhuna hörmətlə həmin torpağa qərənfillər düzmüş və qeyd etmişdi ki, AŞPA-da Azərbaycanı ittiham edənlər hansısa dəhlizdən danışırlar, Laçın yoluna “Laçın dəhlizi” adı verib Azərbaycanın əsəbləri ilə oynayırlar. Hazırda olduğu ərazi də vaxtilə guya ermənilər tərəfindən dinc insanların Xocalıdan çıxıb getməsi üçün dəhliz kimi ayrılmışdı. Amma bu dəhliz deyildi, əslində tələ idi və 613 nəfər məhz bu ərazidə kütləvi şəkildə gülləbaran edildi. Çingiz Mustafayevin fəryad edərək çəkdiyi məşhur kadrlar da məhz həmin ərazidə lentə alınıb...
M. Ağayev daha sonra Xocalı sakini Sovet Allahverdiyevlə məhz həmin ərazidə həmsöhbət olmuş, tarixi yaddaşımızı təzələmişdi.
Sonda isə həmin günlərdə əsir götürülmüş uşaqların, qızların, qadınların və qocaların dəhşətli işgəncələrə məruz qoyulduqları fermaya, özünün qəhər və qəzəblə “İşgəncələr məbədi” adlandırdığı yerə baş çəkmişdi...
Həmin reportajı bir daha təqdim edirik.