Hindistan Fransa ilə birlikdə Ermənistanı müharibəyə hazırlaşdırır – SON MƏQSƏDLƏRİ NƏDİR?
ELÇİN ALIOĞLU YAZIR

Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana "strateji yüklərin ixrac"ına başlayıb.

 

"Strateji aviayüklərin ixracı biznesi ilə məşğul olan HALCON özünü Hindistanın loqistika bazarında əsas oyunçu kimi göstərməyə çalışır. Şirkət HAL-ın aerokosmik və müdafiə texnologiyaları sahəsində, CONCOR-un isə konteyner yükdaşımaları və loqistikanın idarə olunması sahələrində təcrübələrindən yararlanacaq. Avropa və Asiyanın kəsişməsində, strateji məkanda yerləşən Ermənistan Hindistanın ixracat əməliyyatları üçün gəlirli bazardır. Ermənistanın böyüyən iqtisadiyyatı və Hindistanla artan ticari əlaqələri qarşılıqlı əməkdaşlığın böyük potensialının olduğunu göstərir. HALCON-un Ermənistanın yük aviadaşımıları bazarına daxil olması ikitərəfli ticari əlaqələri möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda Hindistanın mövqelərini möhkəmləndirir", - HALCON-un yaydığı bəyanatda deyilir. 

HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib.

 

Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb.

 

Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportunda enib.

 

Təyyarənin yükü 214 mm çaplı "Pinaka Mk-1" reaktiv yaylım atəşi sistemləri (RYAS) idi. Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb.

 

Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün "hava dəhlizi" yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb.

 

Hindistandan Ermənistana strateji hava yolunun açılması marşrutun İran səmasından keçməsi ilə baş verib.

 

Təbii ki, Azərbaycan Ermənistanın silahlandırılması prosesi üçün hərbi texnika və sursatı daşıyan təyyarələrin səmamızdan keçməsinə imkan vermədiyi üçün, Dehli və İrəvan optimal tranzit istiqamət qismində İranı seçiblər.

 

Bu marşrutla Hindistandan Ermənistana "Pinaka"larla yanaşı, 155 mm çaplı "MArG 155" və ATAGS uzaqvuran artilleriya sistemlərinin, "Swathi" mobil radiolokasiya sistemlərinin, "Akash" hava hücumundan müdafiə RLS-lərinin və "Akash-SAM" zenit-raket sistemlərinin, mərmilərin, raketlərin, sursatın, amunisiyanın və s. daşınması nəzərdə tutulub.

 

Prosesin icraçısı Hindistan, müəllifi, sifarişçisi və nəzarətçisi isə Fransadır. 

1914-1918, 1939-1945-ci illərdə mərakeşli, tunisli, liviyalı, senaqallı əsgərlərdən "qara hərbçilər" adı ilə hərbi əməliyyatlarda istifadə edən Fransa bu dəfə vasitə və alət qismində erməniləri seçib.

 

Belə ki, rəsmi Paris Azərbaycanı könüllü olaraq tərk edərək Ermənistanda məskunlaşmış qarabağlı ermənilərdən və Xankəndidəki keçmiş separatçı xuntanın silahlı birləşmələrinin keçmiş mənsublarından yararlanmaq fikrindədir.

 

Parislə İrəvan arasında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişi çərçivəsində Ermənistana yollanan və erməni ordusunun qalıqlarının hərbçilərinə təlimlər keçən fransız təlimatçıların fəaliyyət sahələri bir qədər də genişləndirilib.

 

Onlar qarabağlı ermənilərdən ibarət əlahiddə, xüsusi təyinatlı dağ-atıcı dəstələr hazırlamağa başlayıblar.

 

Fransa bu dəstələrdən Ukraynadakı hərbi əməliyyatlarda Rusiyaya qarşı istifadə etmək niyyətindədir.

 

Eyni zamanda, həmin ermənilər Azərbaycana qarşı silahlı təxribatlar üçün də nəzərdə tutulub.

 

Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqazla bağlı yürütdüyü siyasətin konturlarından biri də Ermənistanı sürətlə silahlandırmaq, bölgədə gərginliyi maksimum dərəcədə artırmaq və Bakı ilə İrəvan arasında yeni hərbi əməliyyatlara nail olmaqdır.

 

Məqsədlərini reallaşdırmaq üçün Fransa bölgəmizdə "erməni məsələsi" ilə bağlı müttəfiqləri Yunanıstan, Kipr və Hindistan vasitəsilə Ermənistanı silahlandırır.

 

Emmanuel Makronun göstərişi ilə Parisdə hazırlanmış plana görə, "müvafiq zaman yetişəndə" Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədində yeni silahlı toqquşma başlanmalıdır. Toqquşma erməni hərbçilərinin və ya şərti sərhəddəki erməni mövqelərindəki "könüllülər"in Azərbaycanın mövqelərini atəşə tutması ilə start götürməlidir.

 

Məqsəd 2021 və 2022-ci ildə Azərbaycan Ordusunun erməni işğalından azad edərək ölkəmizin nəzarətinə qaytardığı əraziləri "ildırım sürətli əməliyyat"la ələ keçirməkdir.

 

Rəsmi İrəvan həmin əraziləri "erməni torpaqları" sayır və "Azərbaycan Ermənistan ərazisinə girərək torpaqlarımızın bir qismini işğal edib" deyir.

 

Ermənilərin sərhəd yaxınlığında aktivləşməsi, yeni mövqelər inşa etmələri, sürəkli olaraq həmin mövqelərə Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsublarının gəlmələri və vizual kəşfiyyat aparmağa çalışmaları - bütün bunları hərbçilərimiz sürəkli izləyir, qeyd edirlər.

 

Təbii ki, mövqelərimiz atəşə tutularsa, ermənilər silahlı təxribata əl atarlarsa - mütləq şəkildə ən ağır cavablarını alacaqlar.

 

Fransanın ssenarisinə görə, Ermənistana da elə bu gərəkdir. Qərb ölkələrindəki erməni diasporu, erməniləri tam dəstəkləyən dövlətlər, siyasətçilər, mass-media dərhal, təxirəsalınmaz şəkildə geniiqmiqyaslı kampaniyaya başlayaraq yaşananları "Azərbaycanın Ermənistana qarşı aqressiyası" kimi təqdim edəcəklər.

 

Rusiya prosesə müdaxilə etməyəcək və Fransa da bundan yararlanaraq ermənilərin Ermənistanın Gümrü şəhərindəki 102-ci baza qarşısında etiraz aksiyalarını təşkil edəcək: ermənilər rusiyalı hərbçilərin Ermənistanı tərk etməsini, bazanın qapadılmasını tələb edəcəklər.

 

Parisin birbaşa nəzarəti ilə aylardır ki, belə ssenariyə Qərbdə informasiya zəmini hazırlanır. 

Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silah-sursatın və hərbi texnikanın Ermənistana satışı da E.Makronun bölgəmizlə bağlı strategiyasının tərkib hissəsidir.

 

Əvvəlcə Ermənistanı, daha sonra bütün Cənubi Qafqazı Qərbin total nəzarətinə keçirməyi arzulayan Yelisey Sarayının son yeniliyi məhz Hindistanla Ermənistan arasında strateji aviadaşıma marşrutunun yaradılmasıdır.

 

Təyyarələrin İran səmasından keçməsi də təccüblü deyil: Tehranla Paris uzun illərdir ki, qeyri-rəsmi tərəfdaşlardır və maraqlarını uzlaşdığı məkanlarda asanlıqla situativ müttəfiqlərə çevrilirlər.

 

Hindistanla İranın maraqlarının uzlaşdıran məqam mal və məhsulların Avropaya çıxarılması üçün marşrutun istifadəyə verilməsidir.

 

Çinin “Bir Kəmər-Bir Yol” marşrutunu reallaşdırmağa çalışaraq məhsullarını Avropa bazarlarına çıxarmağa çalışdığı məlumdur. Məhz bu səbəbdən də Hindistan alternativ marşrutlar arayır, strateji müttəfiqi və geosiyasi düşməni olan Çinin layihəsinə qatılmaq istəmir.

 

“Asiya-Sakit Okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa” (CASCA+) multimodal nəqliyyat dəhlizi layihəsinə qatılmış ölkələr sözügedən marşrutla daşımaların tariflərini müzakirə edərkən Hindistan sürətlə Ermənistan və İranla danışıqlar apararaq məhsullarının Avropaya yeni çıxış yolunu istifadəyə vermək istəyir.

 

Dehli həmin marşrutun Hindistanda başlayaraq İranın Bəndər-Abbas və ya Çahbahar limanlarına gəmilərlə, oradan dəmir yolu ilə Ermənistan sərhədinə, oradan da Gürcüstanın Poti və ya Batumi limanlarına - inşa edilən Anakliya limanı da ola bilər - sonda da Avropa İttifaqına uzanmasını istəyir.

 

Situasiyadan bəhrələnmək fikrinə düşən İran layihəyə qatılaraq həm strateji tərəfdaşı Ermənistana əlavə təsir imkanları əldə etmək, həm də Hindistanla əlaqələri daha da aktivləşdirmək arzusundadır.

 

Fəqət, İran ilk əvvəl öz maraqlarına zərbə endirir, çünki Fransanın Ermənistandakı mövqelərinin güclənməsi və Parisin İrəvana təzyiq rıçaqlarının artması həm də NATO-nun Ermənistanda dayanıqlı, səbatlı mövqelərə yiyələnməsi deməkdir.

 

Bu o NATO-dur ki, zərurətin yarandığını hesab edərsə Ermənistan ərazisindən İrana zərbələr endirmək üçün istifadə edə bilər.

 

Ermənistanla Fransadan yararlanmaq istəyən İran hazırda onun özündən yararlandığının fərqindədirmi? 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.