Ermənistan parçalana bilər: ERMƏNİLƏR QURBAN SEÇİLİB
ELÇİN ALIOĞLU YAZIR

Ermənistan parlamenti Avropa İttifaqının ölkədəki Müşahidə-Monitorinq Missiyasının (EUMA) statusu ilə bağlı İrəvanla Brüssel arasında imzalanmış sazişi ratifikasiya edib.

 

Azərbaycanla şərti dövlət sərhədi boyunca fəaliyyət göstərəcək EUMA ilə bağlı sənədin ratifikasiyasının lehinə 57, əleyhinə 27 deputat səs verib.

 

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın faktiki rəhbərlik etdiyi "Ermənistan" fraksiyasından olan deputatların bir qismi bitərəf qalıb, sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi "Şərəfim var" fraksiyasından olan deputatlarsa səsvermədə iştirak etməyiblər.

 

Beləliklə, EUMA-nın Ermənistandakı heyətinin sayı 169 nəfərdn 209 nəfərədək artırılıb və onlara çox böyük səlahiyyətlər verilib. Həmin səlahiyyətlər arasında Ermənistan qanunvericiliyi qarşısında immunitet var: yəni Ermənistanda EUMA-nın heç bir üzvü həbs oluna və ya saxlanıla bilməz.

 

Halbuki Ermənistanda heç dövlət və hökumət rəhbərləri, nazirlər və deputatlar belə səlahiyyətlərə malik deyillər.

 

EUMA heyətinin tam əksəriyyətinin Avropa İttifaqına daxil olan ölkələrin, xüsusilə də Fransa, İspaniya, Almaniya və Belçikanın xüsusi xidmət orqanlarını əməkdaşları olduğu artıq faktlarla, dəfələrlə sübut olunub.

 

Onlar Ermənistanda rezidentura şəbəkəsi quraraq casusluq edir, Azərbaycan, İran, Rusiya və Türkiyə ilə yanaşı, Ermənistanın özü barədə kəşfiyyat məlumatları toplayırlar.

 

EUMA-nın əsas hədəfləri hazırda Rusiya, Türkiyə və Azərbaycandır.

 

Bu isə Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin ermənilər üçün çox ciddi problemlər və fəsadlar vəd etdiyinin göstəricisidir.

 

Ermənistanın sərhədlərini rusiyalı sərhədçilər qoruyurlar, Gümrü şəhərində də Rusiyanın 102-ci hərbi bazası yerləşir.

 

Cənubi Qafqaz bölgəsində Rusiyanın mövqelərinin zəiflədiyini düşünən Ermənistan yeni hami axtarışında qətiyyətlə və inadla Qərbə doğru meyllənir.

 

Baş nazir Nikol Paşinyandan tutmuş, Ermənstan hökumətində və parlamentindəki ən kiçik məmuradək ən geniş müstəvidə ermənilərin "Avropa perspektivləri" müzakirə olunur.

 

Lakin ermənilər unudurlar ki, xəyanətkarların yolu bir qayda olaraq eyni, təleləri təkrarlanandır.

 

Kollaborasionistlərdən və xəyanətkarlardan həmişə alət kimi istifadə edirlər - amma bu yarınma müddəti qısa çəkir, sonrakı tale isə acınacaqlı olur.

 

Yunanıstan, Kipr, Fransa və Hindistandan silah-sursat, hərbi texnika alan, ərazisində Aİ "müşahidəçiləri"nə ən geniş status və səlahiyyətlər verən, hərbçilərini təlim-tədris üçün Fransaya yollayan, Rusiya ilə əlaqələri minimuma endirərək aşkar formatda Qərbə üz tutan, Avropa İttifaqına üzv olmağa çalışan və perspektivdə NATO-ya qatılmaq niyyətini gizlətməyən Ermənistan rəhbərliyi yeni, ciddi səhvə yol verir. Rəsmi İrəvan nədənsə düşünür ki, can atdığı Qərb və özünə yeni hami elan etdiyi Fransa onun geosiyasi maraqları ilə geostrateji təhlükəsizliyini təmin edəcək, problemlər yarananda imdada çatan xilaskara çevriləcək.

 

"Hədiyyələr gətirən danaylılara inanmayın!" müdrikliyini unutmuş Ermənistan Qərbin vədlərinə inanaraq indiyədək Ukraynanın, Gürcüstanın v Qırğızıstanın yol verdiyi səhvləri təkrarlayır.

 

Fransadan aldığı təlimatları tam icra edən, Avropa İttifaqının və ABŞ-ın strateji tərəfdaşı olduğunu düşünən Ermənistan rəhbərliyi unudur ki, Fransa və ABŞ uzaqda, Rusiya isə çox yaxındadır.

 

Nikol Paşinyanın yürütdüyü siyasət və tutduğu kurs isə Ermənistan vətəndaşları üçün olduqca ciddi çətinliklər vəd edir. Çünki Ermənistan böyük güclərin Cənubi Qafqazdakı oyunlarında adi vasitə və fiqur qismində istifadə olunduğundan elə həmin güclər zəruri saydıqları zaman asanlıqla erməniləri qurban verəcəklər.

 

Cənubi Qafqazda optimal, rasional və düşünülmüş xarici siyasət yürüdən yeganə ölkə Azərbaycandır. İrəvan Bakının strateji ssenarilərini və taktiki gedişlərini təkrarlamağa çalışsa da, alınmayacaq: bunun üçün müstəqil diplomatiya, gerçək suverenitet və siyasi iradə gərəkdir.

 

Paşinyan administrasiyasının kursu xaos və vurnuxmadır. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar başlayandan sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalardan yayınmaqda Rusiyanın ən çox və intensiv istifadə etdiyi ölkələr arasında Ermənistan yer alır.

 

Məhz bu səbəbdən Cənubi Qafqaz ölkələri arasında Rusiya ilə ticari dövriyyənin həcmi baxımından Ermənistan 7,2 milyard dollarlıq statistika ilə ilk yerdədir.

 

Halbuki neft, qaz və s. təbii ehtiyatlarla zəngin Azərbaycanın müvafiq göstəricisi 4,2 milyard dollardır və ölkəmiz bölgə dövlətləri arasında 3-cü yerdə bərqərar olub.

 

Ermənistana total dəstək verən Fransanın davranışının və planlarının məqsədi aydındır. Bəs ABŞ və Avropa İttifaqına nə olub? Onlar Ermənistanın ən əsas strateji müttəfiqinin İran olduğunu, rəsmi Tehranın “Ermənistanın suverenliyini qorumaq və təmin etmək bölgədəki siyasətimizin məhvər prinsipləri arasındadır” bəyanatları ilə çıxış etdiyinin fərqində deyillərmi?

 

Suallar sadəlövhdür, çünki Qərb ermənilərin məramlarını bilir, amma bilməsinə rəğmən, onlardan istifadəni davam etdirir.

 

Nikol Paşinyanın KTMT sıralarını tərk etmək, bütünlüklə Qərbə meyillənmək və Rusiya ilə əlaqələri minimuma endirməklə bağlı bəyanatları sadəcə, söz yığınıdır.

 

Ermənistan yaxın vaxtlarda nə KTMT-ni tərk edəcək, nə də Rusiya ilə təmasları zəiflədəcək və məsələ heç də Paşinyanın zəif siyasətçi, degenarativ xarici siyasət yürütməsi ilə bağlı deyil.

 

Problem Ermənistan rəhbərliyinin öz avantüralarının yaratdığı riskləri qətiyyən dəyərləndirməməsidir. Nikol Paşinyan administrasiyasında ciddi analitiklər və təcrübəli ekspertlər olmadığından İrəvanın qərarları ilə siyasəti falabaxmanı, rəml atmanı, sonrakı addımların az qala ulduz falı əsasında bəlirlənməsinə bənzəyir.

 

Ermənistanın Qərbdən aldığı hələlik yalnız vədlərdir ki, onların da ömrü uzun deyil.

 

Rusiya hələ ki, Ermənistanla ciddi məşğul olmur. Lakin yaxın gələcəkdə Moskva qərarını dəyişərsə və İrəvanı cəzalandırmaq fikrinə düşərsə, Parisin, Vaşinqtonun və ya Brüsselin bəyanatlarının adi vədlər olduğu bilinəcək.

 

Onlar həftələrlə, aylarla müzakirələr aparacaq, Ermənistana kömək edib-etməməklə bağlı məsləhətləşəcəklər.

 

Qurban gedən isə parçalanan Ermənistan ola bilər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.