Paşinyan Vaşinqton və Brüssellə sammitə başlayır - MOSKVANIN "CAVABI" NƏ OLACAQ?
ŞƏRH

Atom Enerjisi üzrə birinci sammitdə iştirak etmək üçün Brüsselə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan cəmi bir neçə gündən sonra yenidən Belçikanın paytaxtına qayıdacaq və bu dəfə ABŞ-Aİ-Ermənistan üçtərəfli Sammitində iştirak edəcək.

 

Senzor.az bildirir ki, siyasi şərhçi İlkin Şəfiyevin haqqin.az portalında dərc olunan şərhində belə deyilir.

 

Onun yazdığına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata bildirib ki, aprelin 5-də ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və baş nazir Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Görüşdə üçtərəfli əməkdaşlığın daha sıx və məhsuldar yollarının tapılması müzakirə olunacaq.

 

Qriqoryan həmçinin bildirib ki, bu tədbir "Ermənistanın dayanıqlılığının möhkəmləndirilməsinə" yönəlib. 

Müəllif xatırladıb ki, Təhlükəsizlik Şurasının katibi digər təfərrüatları açıqlamayıb və bunu yaxın gələcəkdə “hadisə haqda daha ətraflı danışmaq” imkanının olacağı ilə izah edib...

 

Məlumdur ki, Ermənistan son illər Rusiyadan getdikcə daha çox uzaqlaşır və Qərbdə yeni “təhlükəsizlik çətiri” axtarır. Elə buna görə də Vaşinqton və Brüssellə bu məsələlərlə bağlı intensiv müzakirələr aparır.

 

ABŞ-Aİ-Ermənistan üçtərəfli sammitinə gəlincə, belə bir tədbir ilk dəfə keçiriləcək. Bu, analitiklərin fikrincə, Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətinin ciddiliyini təsdiqləyir.

 

Onu da gözləmək lazımdır ki, Brüsseldə keçiriləcək sammitdə Ermənistan Aİ-yə üzvlüklə bağlı siyasi qərarını rəsmən açıqlayacaq və bundan sonra yaxın aylarda üzvlük üçün rəsmi ərizə təqdim edəcək.

 

Yeri gəlmişkən, ötən gün xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyətində olduğunu rəsmən bəyan edib. Onun sözlərinə görə, baş nazir Paşinyan payızdan gec olmayaraq Aİ-yə üzvlük üçün rəsmi ərizə təqdim etməyə hazırlaşır. 

Bu məqamda şərhçi vurğulayır ki, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmaq qərarının ona çox baha başa gələ biləcəyi barədə açıq şəkildə “xəbərdar edib”: “Rusiyanın yüksək rütbəli məmurlarının bəyanatlarına əsasən, Ermənistan ən yaxşı halda “Ukrayna ssenarisi” ilə üzləşəcək, ən pis halda isə suveren dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcək. Rusiya rəsmiləri bunun hansı formada baş verəcəyini dəqiqləşdirməyiblər. Baxmayaraq ki, Moskvanın ixtiyarında bütün “cəza mexanizmləri” var.

 

Bu baxımdan, müəllifin fikrincə,  aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli danışıqlar Rusiyanın Ermənistana qarşı iqtisadi, siyasi və hərbi rıçaqlardan istifadə edəcəyi vəziyyətə gətirib çıxara bilər. “Qərb tərəfdaşlarının bu təhdidlər qarşısında Ermənistanı qoruya biləcəklərmi” sualı isə açıq qalır.

 

İ.Şəfiyev daha bir maraqlı məqamı da qeyd edib: “Eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) bəyanatında bildirib ki, Rusiya ilə münasibətlərin pisləşməsi fonunda Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciəti son dərəcə təhlükəlidir. 

"Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi insan həyatının, ərazilərinin və iqtisadiyyatının böyük itkilərinin uyğun olmayan şəraitdə və yanlış zamanda atılan addımlarla nə qədər bağlı olduğunu göstərməli idi. Bu risklər bugünkü görünməmiş qlobal münaqişə vəziyyətində çoxalır", - deyə EMK-nın bəyanatında bildirilir.

 

Erməni Milli Konqresinin fikrincə, rəsmi İrəvanın Avropa Birliyinə daxil olması barədə bəyanatından sonra Paşinyan Kabineti "təhdidlərin hesablanması"nı geniş ictimaiyyətə təqdim etməlidir.

 

Bəs bu baş verənlərə Bakının reaksiyası necədir və ya necə olmalıdır? Hələlik çoxsaylı ekspertlərdən bu məsələyə sanballı münasibət bildirən olmayıb. Bildirənlər də, yuxarıdakı kimi, əsasən Moskvanın, Kremlin ehtimal addımlarından bəhs edirlər. Halbuki bunun Azərbaycana və Bakı ilə İrəvan arasında bağlanması gözlənilən sülh sazişinə birbaşa təsiri ola bilər. Üstəlik, bu təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Qərbi və Mərkəzi Asiyanın uzunmüddətli müharibələrə sürüklənməsi ilə də nəticələnə bilər...

 

Senzor.az 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.