ABŞ-da İsrailin İrana hücum planları ilə bağlı “Tam məxfi” qrifli kəşfiyyat məlumatları mətbuata sızdırılıb.
Senzor.az bildirir ki, bu barədə CNN xəbər yayıb.
Qeyd olunur ki, hazırda hadisənin baş vermə şəraiti araşdırılır. Məlumatın sızması ilə bağlı araşdırmanı Federal Təhqiqatlar Bürosu, Müdafiə Nazirliyi və ABŞ kəşfiyyat xidmətləri aparacaq.
Məlumata görə, 15 və 16 oktyabr tarixli "tam məxfi" qrifli sənədlər "Middle East Spectator" "Telegram" kanalında dərc edildikdən sonra internetdə yayılmağa başlayıb. Məlumatlara əsasən, bu sənədlərlə yalnız Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-ın daxil olduğu "Beş Göz" alyansına aid olan ölkələrin tanışlıq imkanı olmalıdır.
Sənədlərdə İsrail ordusunun İrana zərbə endirməyə hazırlığı, o cümlədən uzaq mənzilli raketlərin hazırlanması, havada yanacaq doldurma təlimləri və pilotsuz təyyarələrdən istifadə etməklə gizli əməliyyatlar haqqında məlumatlar var.
Məlumatın sızmasına baxmayaraq, ABŞ rəsmiləri israr edirlər ki, İsrailin İrana zərbə endirmək planları dəyişməz qalır.