Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub.
Müsavat.com xəbər verir ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.
Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.
Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.
Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb.
Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir.
Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.
Bu qalmaqalın üzə çıxması ilə bir sıra suallar yaranır:
1. Qaçaqmalçılıq əməliyyatının arxasında hansı şəbəkə dayanır?
2. Şəbəkənin digər iştirakçıları kimlərdir? M.Q.Ş. bu işdə hansı rolu oynayıb?
3. Bu hadisə Azərbaycana qarşı xarici qüvvələr tərəfindən məqsədli təxribatdırmı, yoxsa fərdi hüquq pozuntusu?
Azərbaycan tərəfi məsələni beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə araşdırmaq niyyətindədir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün daha sərt nəzarət və tədbirlərin görüləcəyi gözlənilir.
Qeyd edək ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış Qəhrəman Məmmədov hazırda Səudiyyə Ərəbistanıda hərbi attaşe kimi fəaliyyət göstərir.
Hadisə ilə bağlı Azərbaycanın rəsmi qurumları hələ ki açıqlama yaymayıblar.
**11:35
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlıya məxsus 70 kiloqram qızıl aşkarlanıb.
Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.
Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.
**23:56 (22.11.2024)
İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsdə 70 kiloqram qızıl aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, azərbaycanlı M.G.Ş. adlı şübhəli şəxs Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Taksidə 70 kq qızıl aşkarlanıb.
Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib.
Məlumata görə, saxlanılan azərbaycanlı Qərb ölkələrindəki diplomatik departamentlərdən birinin əməkdaşıdır.
Həmin şəxsin hazırda qoruma altında olduğu, faktla bağlı araşdırmanın başlanıldığı bildirilir.