Ermənistan müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü İrəvan-Vaşinqton hərbi əməkdaşlığında yeni mərhələ olaraq, həm Cənubi Qafqaz regionunda, həm də qlobal səhnədə ciddi rezonans doğurur. Bu görüş, regionda kəskinləşən geosiyasi vəziyyət fonunda ABŞ-ın Ermənistanla əməkdaşlığı genişləndirmək istəyinin açıq bir ifadəsidir. Lloyd Ostin görüşü "tarixi hadisə" adlandıraraq, ABŞ-ın Ermənistanın müdafiə və təhlükəsizlik sektorlarını gücləndirməkdəki artan rolunu vurğulayıb. Ancaq bu, yalnızca Ermənistanla ABŞ arasında münasibətlərin dərinləşməsi deyil, həm də regiondakı qüvvələr balansına təsir edən mühüm bir hadisədir.
Görüş zamanı Ermənistan silahlı qüvvələrinin islahatı, təhlükəsizlik məsələləri və Vaşinqton-İrəvan əməkdaşlığının perspektivləri müzakirə olunub. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "Lloyd Ostin Ermənistanın suverenliyinə dəstəyi bir daha təsdiqləyib və Ermənistan ordusunun islahatlarına yardım etməyə hazır olduğunu bildirib".
Pentaqon tərəfindən son iki il ərzində Ermənistana əhəmiyyətli dəstəyin göstərildiyi vurğulanıb. Məzkur dəstək çərçivəsində İrəvana ordunun tələbatı üçün zirehli təcili yardım maşınlarının təhvil verilməsi, müasir çağırışlara cavab verə bilən kibertəhlükəsizlik mərkəzinin yaradılmasına dəstək, habelə NATO standartlarına uyğun hərbi kadrların hazırlanması üçün milli təlim mərkəzinin inşasına yardım nəzərdə tutulub.
Görüş zamanı xüsusi diqqət ABŞ-ın Kanzas ştatının Milli Qvardiyasına yönəldilib. Ostin qeyd edib ki, "qurum Ermənistan ordusunun islahatlarına aktiv dəstək verir". Pentaqon rəhbəri Suren Papikyanın ABŞ-a səfərini "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm siqnal" hesab etdiyini bəyan edəndən sonra , "Ermənistan ordusunun islahatlarının gələcəyi, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh imkanları barədə müzakirələrə ümidini" ifadə edib.
Pentaqondakı görüş və müzakirələr təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olunmasına töhfə verən məqam sayıla bilməz. Çünki Birləşmiş Ştatların dəstəyi ilə Ermənistanda həyata keçirilən hərbi islahatlar "İrəvanın təhlükəsizliyini gücləndirmək cəhdi" kimi yox, regionun hərbiləşdirilməsi elementlərindən biri kimi qəbul olunur.
Vaşinqtonun Ermənistanın müdafiə siyasətinə artan təsirinin əsas məqsədi Rusiyanın mövqelərini zəiflətməkdir. Bu, xüsusilə Moskvanın Ukraynadakı münaqişə ilə məşğul olduğu bir vaxtda onun Cənubi Qafqazdakı nüfuzunun azalması fonunda daha da kəskin hiss olunur. ABŞ-ın Ermənistana yanaşması ilə Ukraynadakı münaqişə öncəsi tətbiq etdiyi strategiya arasında paralellər aparmaq da mümkündür. Ukrayna münaqişəsindən əvvəl də ABŞ geniş hərbi yardım göstərmiş, personalın hazırlığına diqqət yetirmiş və Kiyevin suverenliyinə dəstəyini bəyan etmişdi. Bu yanaşma nəticədə gərginliyin artmasına və genişmiqyaslı silahlı qarşıdurmaya səbəb olmuşdu.
Ermənistanla bağlı oxşar ssenari müşahidə olunur. ABŞ-ın artan hərbi əməkdaşlığı və suverenlik müdafiəsi ilə bağlı ritorikası regiondakı ziddiyyətləri gücləndirir. Bunun uzunmüddətli nəticələri sual doğurur, çünki Cənubi Qafqaz artıq yeni bir qeyri-sabitlik dövrünün astanasındadır. ABŞ-ın fəaliyyəti gərginliyi azaltmaq əvəzinə, yeni bir silahlanma yarışını və daha mürəkkəb geosiyasi vəziyyəti təşviq edə bilər. Belə bir şəraitdə, hər bir səhv region üçün fəlakətli nəticələr doğura bilər.
Ümumiyyətlə, ABŞ Ermənistana təhlükəsizlik sahəsindəki gücünü artırmaq məqsədilə son illərdə mühüm maliyyə dəstəyi göstərməkdədir. 2018-ci ildən bəri Ermənistan müxtəlif hərbi yardım proqramları çərçivəsində Birləşmiş Ştatlardan 120 milyon dollardan çox maliyyə alıb. "Yardım" çərçivəsində Vaşinqton İrəvana müasir hərbi-texniki avadanlıqlar, rabitə texnologiyaları təqdim edir və logistik dəstəyi yeniləyir. Bundan başqa, Ermənistan hərbçiləri üçün hər il NATO standartlarına uyğun təlimlər təşkil olunur. ABŞ-ın xüsusilə taktiki və strateji biliklərin artırılmasına yönəlmiş dəstəyi Ermənistan ordusunun peşəkarlığını əhəmiyyətli dərəcədə artırır.
Son illərdə ABŞ Ermənistanı qlobal kibertəhlükələrə qarşı müttəfiq kimi görərək, kibertəhlükəsizlik sahəsinə xüsusi diqqət ayırır. Bu əməkdaşlıq çərçivəsində 12 milyon dollar dəyərində maliyyələşdirilmiş Kiberəməliyyatlar Mərkəzi yaradılıb. Sözügedən mərkəz əsasən kiberhücumların monitorinqi və qabaqcıl müdafiə texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması (illik təxminən 200 ekspert) və kritik infrastrukturun, o cümlədən enerji və telekommunikasiya sektorlarının qorunması strategiyalarının hazırlanması ilə məşğuldur.
ABŞ Ermənistanın potensialını artırmaq üçün infrastruktur layihələrinə də əhəmiyyətli dəstək verir. Ən iri layihələrdən biri 2021-ci ildə 25 milyon dollar dəyərində ABŞ maliyyəsi ilə inşa edilmiş Milli Təlim Mərkəzidir. Bu mərkəz Ermənistan hərbçilərinin NATO standartlarına uyğun hazırlanması, ABŞ müttəfiqləri ilə birgə təlimlərin keçirilməsi və regionun xüsusiyyətlərinə uyğun yeni təlim proqramlarının hazırlanması ilə məşğuldur.
Ermənistan-Amerika əməkdaşlığının vacib istiqamətlərindən biri də tibbi infrastrukturun gücləndirilməsidir. 2023-cü ildə ABŞ, Ermənistanın tibbi təsisatlarının modernləşdirilməsi üçün 7 milyon dollar sərf edib.
Xatırladaq ki, Vaşinqton Cənubi Qafqazdakı strategiyası çərçivəsində Ermənistana dəstəyi dəfələrlə vurğulayıb. Məsələn, ABŞ-ın İrəvandakı səfiri Linn Treysi qeyd etmişdi: "Ermənistan regionda demokratik dəyərlərin və sabitliyin irəlilədilməsi üçün əsas tərəfdaşdır".
ABŞ-ın gələcək planlarına Ermənistana maliyyə yardımının artırılması daxildir. Həmin bu yardımların büdcəsinin 30% artırılması ilə bağlı ABŞ Konqresindən sorğu göndərilib.
Təbii ki, ABŞ-ın Ermənistana fəal dəstəyi Moskvada və Tehranda narahatlıq yaradır. Rusiya və İran bu siyasəti Cənubi Qafqazda ABŞ təsirini gücləndirmək cəhdi kimi qiymətləndirərək, onu tənqid edir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib: "ABŞ-ın destruktiv addımları regionda qüvvələr balansını pozur və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olur".
Şübhə yoxdur ki, ABŞ-ın Ermənistana dəstəyi Vaşinqtonun regionda mövqelərini gücləndirmək istiqamətindəki strateji maraqlarını əks etdirir. Hərbi, infrastruktur və kibertəhlükəsizlik sahəsindəki yardımlar bu əməkdaşlığın əsas aspektlərini təşkil edir. Lakin bu siyasət regionda gərginliyi artırır və Ermənistanı geosiyasi mübarizənin mərkəzinə çevirir.
Çünki ABŞ-ın hərbi dəstəyi Ermənistanı Azərbaycanla Zəngəzur dəhlizi və digər ərazi mübahisələri ilə bağlı aqressiv və radikal addımlara təhrik edə bilər. Eyni zamanda ABŞ-ın regiondakı fəallığı Moskvanın ənənəvi dominantlığını sarsıdır və Cənubi Qafqazı yeni bir geosiyasi mübarizə meydanına çevirir. Vaşinqtonun tətbiq etdiyi islahat siyasəti Ermənistanın ABŞ-dan iqtisadi və hərbi asılılığını artırır, bu da onun qonşularla münasibətlərində manevr imkanlarını məhdudlaşdırır.
Yaranan risklər isə bəllidir.
Ermənistanın NATO standartlarına keçidi regionun sabitliyinə təhdid kimi qiymətləndirilir. ABŞ dəstəyi ilə yaradılan kiberəməliyyatlar mərkəzinin mümkün istiqamətləri və qonşu ölkələr üçün riskləri sual doğurur. ABŞ-ın Ermənistanın suverenliyinə dəstək bəyanatları Azərbaycanın mövqelərinə qarşı təzyiq kimi qəbul edilir.
ABŞ və Ermənistan arasındakı əməkdaşlığın dərinləşməsi Cənubi Qafqazda mühüm dəyişikliklərin katalizatoruna çevrilə bilər. Amma bu dinamika yalnız imkanlar deyil, həm də regionun geosiyasi sabitliyinə və qüvvələr balansına təsir edə biləcək ciddi problemlərə səbəb olduğundan Vaşinqton yaşananların hansı perspektivlər vəd etdiyini bir daha dəyərləndirməlidir.
Əsas narahatlıq doğuran məsələlərdən biri, ABŞ-ın dəstəyi ilə Ermənistanın öz maraqlarını, o cümlədən hərbi yolla daha fəal şəkildə irəlilətmək istəməsi ehtimalıdır. Azərbaycanla davam edən mübahisələr və möhkəm sülh razılaşmasının olmaması bu cür addımların mövcud münaqişələrin eskalasiyasına gətirib çıxara biləcəyini əsla istisna etmir.
ABŞ-ın Ermənistanda artan fəallığı Vaşinqton və Moskva arasındakı daha geniş geosiyasi rəqabətin bir hissəsidir. Cənubi Qafqaz uzun müddət Rusiyanın maraq dairəsində olub və o, regiondakı münaqişələrdə əsas vasitəçi rolunu oynayıb. ABŞ-ın təsirinin artması Ermənistan müdafiə naziri Suren Papikyanın Vaşinqtona səfəri və Pentaqon rəhbəri Lloyd Ostinlə görüşü kimi hadisələr bu rəqabəti daha da gücləndirir. Bu, Rusiyanı daha sərt reaksiya göstərməyə məcbur edə bilər ki, nəticədə region Qərb və Moskva arasındakı qarşıdurmanın yeni "qaynar nöqtəsinə" çevrilə bilər.
Bəhs olunan ehtimal isə təbii ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasına qarşı yönəlmiş ciddi təhdid sayıla bilər.