Xeberman.com saytının redaktoru, jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-də Baş Prokurorluğun binası qarşısında növbəti etiraz aksiyası keçirib.Turan-ın məlumatına görə, o, Baş prokuror Kamran Əliyevlə görüş tələb edib.
G.Aslanova jurnalistlərə həyat yoldaşının 2,5 ildir qanunsuz olaraq həbsdə saxlanıldığını və onun cinayət təqibinə son qoyulmasını tələb etdiyini bildirib.
DİN-in Çevik Polis Alayının əməkdaşları onun Baş Prokurorluq binasına daxil olmasına imkan verməyiblər. G.Aslanovaya qəbul otağına getmək təklif olunub, amma o, imtina edib. Son nəticədə G. Aslanova Səbail rayon 9-cu polis bölməsinə aparılıb.
O, daha sonra sərbəst buraxılıb: "Mənə izahat yazdırmaq istəyirdilər. Mən isə belə olan təqdirdə vəkilimin dəvət olunmasını tələb etdim. Bundan sonra məni sərbəst buraxdılar".
Aksiyadan əvvəl G.Aslanova bildirib ki, əri bu gün zəng edib və yanvarın 6-da başladığı aclığı davam etdirdiyini deyib.
Xatırladaq ki, Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.
Jurnalist yanvarın 6-dan Ali Məhkəmədə kassasiya şikayətinə yenidən baxılmasının sürətləndirilməsi tələbi ilə aclıq edir. Aclıq aksiyasının 9-cu günü məlum olub ki, Ali Məhkəmə P.Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib...