
Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov təhdid olunduğunu bildirib.
Ə.Həsənov bununla bağlı Twitter hesabında da paylaşım edib.
“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”, - deyə o qeyd edib.
Hazırda Ə.Həsənovun Twitter hesabında bu məlumat mövcud deyil. Amma o, “Amerikanın Səsi”nə təhdid olunduğunu təsdiq edib: “Mən bunu Twitter hesabımda yazdım, bütün saytlar da dərc etdi. Müvafiq qurumlar məşğuldur. İstəmirəm əlavə müzakirəyə çıxaraq”.
O bunu kimlərin etməsi barədə suala cavabında deyib: “Vallah, bunu bilsəydim nə vardı ki, müvafiq qurumlar araşdırır”.
Fotoların harada və necə çəkildiyinə dair suala cavabında isə Ə.Həsənov “Bilsəydim nə var idi... Mənə bir-iki foto göndərib, təhdid ediblər”, - deyə qeyd edib.
Ə.Həsənov bunları deməklə kifayətlənib və əlavə suallara ehtiyac duymayıb.
Bununla yanaşı, rəsmi qurumlar Əli Həsənovun bu bəyanatına hələ münasibət bildirməyiblər.