Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev öz çəkiliş qrupu ilə birlikdə son günlərin ən qaynar və təhlükəli nöqtəsi olan Suriyadadır.
Senzor.az olaraq biz indiyədək onun, ölkənin şimal-qərb bölgəsindən hazırladığı iki reportajını oxucularımıza təqdim etmişik. Bir neçə saat əvvəl isə E.Fətullayev Haqqin.az-da və özünün YouTube kanalında Suriyadan 3-cü videoreportajını yayımlayıb.
Bu dəfə reportyor qrupu “Türküstan” briqadasının döyüşçüləri ilə birlikdə bəşəriyyət tarixinin ən qəddar həbsxanalarından olan “Sednaya”ya baş çəkib.
Dəməşq yaxınlığındakı “Sednaya” həbsxanası indi devrilmiş Bəşər Əsəd rejimi dövründə işgəncə metodları ilə məşhurlaşıb. Düzdür, rejimin süqutundan sonra “Sednaya” kimi müəssisələrdə saxlanılan minlərlə məhbus azadlığa buraxılıb. Amma bir çoxları hələ də yeraltı zindanların soyuq və amansız divarları arasındadırlar. Həbsxana ərazilərində qazıntı işləri və ölmüş, itkin düşmüş məhbusların axtarışları davam edir...
Təfərrüatlar videoreportajda: