Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə yenidən zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
Oxşar məlumatı Kreml də yayıb.
“Putin və Əliyev bu gün telefon danışığında “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələlərin müzakirəsini davam etdiriblər”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Maraqlıdır ki, Azərbaycan və Rusiya liderlərinin növbəti telefon danışığı barədə məlumat İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinin yayımlanması fonunda ortaya çıxıb. İ.Əliyev bildirib ki, Azərbaycanda təyyarə qəzasından sonrakı ilk günlərdə "Rusiyadan xəyali versiyalardan başqa heç nə eşitməyiblər". O, həmçinin Moskvanı “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğramasında günahı etiraf etməyə, günahkarları cəzalandırmağa və təzminat ödəməyə çağırıb.
Xatırladaq ki, V.Putin İ.Əliyevə dünən, dekabrın 28-də də zəng etmişdi. Onda Rusiya Prezidenti "Rusiya hava məkanında baş verən faciəli hadisəyə" görə Azərbaycandan üzr istəmiş və həlak olanların ailələrinə başsağlığı vermişdi.