Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.
“Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”, – ölkə başçısı qeyd edib.
O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.
“Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib.
Bu arada ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya İstanbulda birbaşa danışıq təklif etməsinə münasibət bildirib və “Ola bilsin, bu, Rusiya və Ukrayna üçün əla gündür” deyib.
“Bu sonsuz qanlı qırğın sona çatanda xilas ediləcək yüz minlərlə insanın həyatını düşünün. Bu, tamamilə yeni və daha yaxşı bir dünya olacaq. Bunun baş verəcəyinə əmin olmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. Bunun əvəzinə ABŞ bərpa və ticarətə diqqət yetirmək istəyir. İrəlidə vacib həftə var”, - deyə Tramp əlavə edib.