ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya ilə müharibəsinin dayandırılması məqsədilə 22 maddədən ibarət sülh planı hazırlayıblar.
Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, sənəddəki əsas bəndlərdən biri 30 günlük atəşkəsin elan olunmasını nəzərdə tutur. Sənəddə, həmçinin ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi ilə bağlı müddəa da yer alıb.
Bu plan Rusiya ilə münaqişənin diplomatik yolla tənzimlənməsi istiqamətində aparılan gizli danışıqların bir hissəsi hesab olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən gecə Moskva ilə Kiyev arasında danışıqların ilkin şərtlər olmadan və ləngimədən mayın 15-də İstanbulda başlanmasını təklif edib. Yeri gəlmişkən, ABŞ Prezidenti də rusiyalı həmkarının bu təklifinə müsbət reaksiya sərgiləyib. Bu baxımdan, müştərək planın Rusiya tərəfindən necə qarşılanacağı maraq doğurur.
Planı Rusiya lideri Vladimir Putinə ABŞ Prezidentinin xüsusi nümayəndəsu Stiven Uitkoff-un təqdim edəcəyi bildirilir.