Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edərək onun həbsdən azad edilməsinə nail olmaq məqsədilə müdaxilə etməyə çağırıb.Turan agentliyi xatırladır ki, Əli Əliyev yanvarın 13-də Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edilib. İddianı Sərhəd Xidmətinin zabiti Emil Cəfərov qaldırıb və buna Ə.Əliyevin müsahibəsi səbəb olub. Belə ki, o, qəzaya uğramış Sərhəd Xidmətinin Mi-17 vertolyotunda sağ qalanların ola bilməsinə şübhə ilə yanaşıb. E.Cəfərov və qəza zamanı sağ qalan daha bir zabit Ə.Əliyevin fikirlərini böhtan kimi qiymətləndiriblər.
Müraciət müəllifləri Azərbaycanda hakimiyyət tənqidçilərinin öz baxışlarına, fikirlərinə, fərqli düşüncələrinə görə bağlı uydurma inzibati və cinayət ittihamları ilə təqib olunmaları və cəmiyyətdən təcrid edilmələri ilə bağlı narahatlıqlarını bildiriblər.
Sənəd müəllifləri qeyd ediblər ki, mürəkkəb şəraitdə demokratiya uğrunda mübarizə aparan Azərbaycan vətəndaş cəmiyyətinin fəalları beynəlxalq hüquq-müdafiə institutlarının, siyasi güc mərkəzlərinin rejimin zorakı hərəkətlərinə adekvat reaksiyasının gecikməsindən, onların özgəfikirliliyə qarşı repressiyaları pisləməməsindən məyus olublar.
Əli Əliyevlə bağlı cinayət təqibinə toxunan müraciət müəllifləri təəssüflə qeyd ediblər ki, məhkəmə çəkişməsi zamanı ədalətli mühakimə, tərəflərin bərabərliyi, müdafiə hüququ, məhkəmənin obyektivliyi və qərəzsizliyi prinsiplərinə əməl olunmayıb. İş materialları ilə tanış olmaq üçün müdafiə tərəfinə otuz dəqiqə verilib. Təqsirləndirilən Əli Əliyev son sözdən məhrum edilib.
Məhkəmə zalında Ə.Əliyevin səhhətinin pisləşməsinə, arterial təzyiqin kəskin yüksəlməsinə baxmayaraq, ona lazımi tibbi yardım göstərilməyib. Ə.Əliyevin hüquqlarını Müdafiə Komitəsinin üzvləri qeyd ediblər ki, son zamanlar o, hökumətin iqtisadi, hüquqi, hərbi, sosial və digər sahələrdə tədbirlərini kəskin, lakin etika çərçivəsində tənqid edib.
Həbsdən bir qədər öncə Əli Əliyev Baş Prokurorluğa çağırılıb və sosial şəbəkələrdə çıxışlarına görə ona xəbərdarlıq edilib.
Bundan əlavə, Əli Əliyev jurnalist Elçin Rəhimzadə ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Komitə hesab edir ki, Ə.Əliyev hakimin öz iradəsi əsasında yox, xüsusi göstərişilə qanunsuz həbs edilib.
Onlar qeyd ediblər ki, Azərbaycanda hakimiyyətin qolları arasında real balans yoxdur, məhkəmələr icra hakimiyyətindən asılıdır, qanunun aliliyinə məhəl qoyulmur.
Müraciət müəllifləri əmindirlər ki, Əli Əliyevin həbsinə səbəb olan fikirləri Azərbaycan Konstitusiyası (maddə 47), İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (Avropa İnsan Hüquqları Konvensiyası maddə 10) tərəfindən zəmanət verilmiş ifadə azadlığına tam uyğundur.
Komitə üzvləri diqqəti ona yönəldiblər ki, vertolyotun qəzaya uğraması zamanı sağ qalmış digər zabit Ramin Əbilovun Əli Əliyevə qarşı iddiası ilə bağlı fevralın 4-nə məhkəmə baxışı təyin edilib.
Əli Əliyevin əsassız təqib olunmasına qarşı kifayət qədər ictimai etirazın və nüfuzlu beynəlxalq qurumların, Qərb və Avropanın demokratik institutlarının adekvat reaksiyasının olmaması Azərbaycan hökumətinin Vətəndaş və İnkişaf Partiyasının liderinə, digər müxalifət və ictimai fəallara qarşı yeni repressiv tədbirləri üçün “əlverişli zəmin” yaradır. Müraciətin sonunda Komitə üzvləri beynəlxalq strukturları, Qərbin demokratik institutlarını Azərbaycanda insan hüquqları və demokratiya müdafiəçilərinə, hakim rejimin tənqidçilərinə qarşı təqiblərə laqeyd qalmamağa, Əli Əliyevin barəsində cinayət təqibinə son qoyulması üçün onun ətrafında baş verən proseslərə fəal müdaxilə etməyə, həmçinin vətəndaşların ölkənin ictimai və dövlət həyatında sərbəst iştirak hüququnun təmin edilməsinə çağırırlar.
Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsinə ölkənin 150-yə yaxın siyasi və ictimai xadimi, vətəndaş fəalları, jurnalistlər və hüquq müdafiəçiləri daxildir.