Monteneqronun əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova siyasi sığınacaq verməsinə cavab olaraq bu ölkənin Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişi qadağan olunub.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN-in məlumatında bildirilib ki, fevralın 2-də Zoran Milyaniçin Rusiya Federasiyasına girişini qadağan edən nota Monteneqronun Moskvadakı səfirliyinə göndərilib.
“Bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma - Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Rusiya Federasiyası vətəndaşı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır”,- deyə Rusiya XİN-in məlumatında deyilir.
Xatırladaq ki, Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi, iş adamı T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib. Ancaq qarşı tərəf buna məhəl qoymayıb.
Rusiya T.İsmayılovu iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş verməkdə ittiham edir.