"Azərbaycan Türkiyə ilə imzaladığı müqavilənin eynisini Pakistanla da bağlamalıdır" – SİYASİ EKSPERT SAMİR HÜMBƏTOVDAN İLGİNC TƏKLİF
"15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə "Şuşa Bəyannaməsi"ni imzaladı. Həmin bəyannamənin şərtlərinə görə, hər iki dövlət arasında çoxşaxəli qarşılıqlı hərbi yardımın göstərilməsi nəzərdə tutulur. Burada diqqəti çəkən digər önəmli məsələ həm 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi"ndə, həm 16 avqust 2010-cu ildə imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilədə, həm də 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”də 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiqliyin ifadə edilməsidir". 
 

Senzor.az bildirir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov Milli Məclisdə “Şuşa Bəyannaməsi”nin təsdiq olunmasını şərh edərkən deyib. Politoloqun sözlərinə görə, mövzu eyni olsa da, tərəflər arasında imzalanmış hər üç müqavilə arasında fərqlərin də  olduğunu demək mümkündür: "1. Tarixi şərait; 2. Siyasi, iqtisadi və hərbi imkanlar; 3. Beynəlxalq vəziyyət; 4. Dövlətləri həmin dövr üçün mövcud durumları. 
Öncə ondan başlayaq ki, 9 fevral 1994-cü il müqaviləsi tərəflər arasında Azərbaycanın müstəqilliyinin bərpasından sonra müdafiə xarakterli ilk sənəd idi. Buna baxmayaraq, həmin dövr həm Türkiyə, həm də Azərbaycan baxımından heç də ürəkaçan dövr hesab edilə bilməz. Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi, Türkiyənin isə PKK terroru ilə mübarizə aparması hərbi və müdafiə sahəsində əməkdaşlığı o dərəcədə ürəkaçan etmədi. 10 avqust 2010-cu ildə imzalanmış müqavilənin isə 9 feval 1994-cü il müqaviləsinə nisbətən daha uğurlu, həm də daha real nəticələrə və imkanlara söykəndiyini demək mümkündür. Doğrudur, həmin dövrdə də Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında qalmaqda və Türkiyədə PKK terroru hələ də davam etməkdə idi. Buna baxmayaraq həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi və siyasi imkanları kifayət qədər atmışdı. Türkiyə əvvəlki qədər iqtisadi böhranlarla, terror təhdidləri ilə və başqa hadisələrlə çox da qarşılaşmırdı. Eyni zamanda, Azərbaycan beynəlxalq aləmdə kifayət qədər tanınmış və nüfuz qazanmışdı. Həmçinin, enerji diplomatiyası ilə, necə deyərlər, əlini daha da gücləndirməyi bacarmışdı. Bu baxımdan, 10 avqust 2010-cu il müqaviləsini 9 fevral 1994-cü il müqqviləsindən daha uğurlu hesab etmək mümkündür".

 
Samir Hümbətovun fikrincə, "Şuşa Bəyannaməsi" isə əvvəlki hər iki müqavilədən daha genişmiqyaslı, şərait və imkan baxımından daha uyğun hesab edilə bilər: "Əlbəttə, burada artıq 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan ərazilərinin böyük hissəsinin azad edilməsi və bu prosesdə Türkiyə müdafiə sənayesinə məxsus silahların, xüsusilə də PUA-ların fəal iştirakını qeyd etmək yerinə düşər. Burada digər mühüm məsələ Türkiyə ilə bağlıdır. Türkiyə həm uzun illər ərzində içində kök atmış PKK terrorunu ciddi şəkildə təmizləməyi, eyni zamanda bu təmizlik əməliyyatlarını ölkə sərhədlərindən kənarda da aparmağı bacarmış, ən əsası da regionda və dünyada əhəmiyyətli gücə çevrilmişdir.  Bununla paralel olaraq Azərbaycan da 30 il ərzində özünün müdafiə qabiliyyətini artırmağı bacarmış, nizami ordu quruculuğu işində ciddi uğur əldə etmişdir. Burada qeyd edilməsi vacib olan digər məsələ əvvəlki iki müqavilələrə əsasən Azərbaycanın ordu quruculuğunda Türkiyənin yaxından iştirakıdır".
Mərkəz sədrinin qənaətinə görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq demək mümkündür ki, Azərbaycanla Türkiyə arasında imzalanmış istənilən sənəd yalnız tərəflərin maraqlarına xidmət edir: "1 fevral 2022-ci ildə isə 15 iyun 2021-ci ildə imzalanmış "Şuşa Bəyannaməsi" Azərbaycan Milli Məclisində (ratifikasiya) təsdiq edilərək rəsmi şəkildə qüvvəyə mindi. Sözügedən sənəd Türkiyə tərəfinin də təsdiqindən sonra tam şəkildə fəaliyyətdə olacaq. Burada bir sual yaranır ki, imzalanmış bu sənəddə nələr qeyd edilib? Sənədin təsir imkanları nələrdən ibarətdir? Sənəddə qeyd edilənlər prinsip etibarı ilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını daha da sıxlaşdırır və onun dərinləşməsi üçün geniş imkanlar açmış olur. Yəni bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir. Eyni zamanda Azərbaycan Ordusu Türkiyə ordu sisteminə uyğun olaraq modernizasiya edilə bilər ki, bu da yüksək peşəkarlıq deməkdir. Eyni zamanda Azərbaycan Ordusunun arsenalında Türkiyə müdafiə sənayesinə məxsus silahları daha çox görə bilərik. Ən əsası isə Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var ki, bu da Azərbaycan baxımından önəmli məsələdir. 24 dekabr 2021-ci ildə ölkə başçısı İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Hərbi Hissəsinin də Türkiyədə hazırlanması bu əməkdaşlığın uğurlu göstəricilərindən hesab edilə bilər".
 
Politoloq əlavə edib ki, Türkiyənin son zamanlar regionda artan nüfuzu mahiyyət etibarı ilə Azərbaycana böyük imkanlar yaradır: "Türkiyənin regionda varlığı digər maraqlı qüvvələrin Azərbaycana qarşı istənilən təhdid planın mənasız olması anlamına gəlməsi deməkdir. Fikrimcə, Azərbaycan Türkiyə ilə imzaladığı müqavilənin eynisini Pakistanla da bağlasa daha uğurlu ola bilər. Burada həm də Pakistanın nüvə silahına malik olması, son illər müdafiə sənayesi sahəsində ciddi uğurlar əldə etməsi, peşəkar orduya sahib olması Azərbaycan üçün faydalı ola bilər".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.