Xəbər verdiyimiz kimi, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib."Unikal"ın əldə etdiyi məlumata görə, M.Seyidov səhhətindəki problemə görə işdən çıxıb. Belə ki, o, artıq 5 ildir ki, bel yırtığından əziyyət çəkir. Həmçinin generalın ayağında da problem yaranıb. O, bu problemlərə görə 5 dəfə əməliyyat keçirib, hətta onun ayağına mil də qoyulub.
Nəhayət, həkimlər Mirqafar Seyidova bildiriblər ki, onun bu vəziyyətdə xidmətdə olması sağlamlığına ciddi zərər vura bilər. Həkimlərin tövsiyəsindən sonra o, xidmətdən azad edilməsi ilə bağlı nazir Vilayət Eyvazova ərizə ilə müraciət edib.
**13:14
Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilmişdi.