İsrailin Suriyanın cənub bölgələrinə endirdiyi son hava zərbələri regionda təhlükəsizlik və siyasi balans baxımından mühüm müzakirələrə səbəb olub. Rəsmi Tel-Əviv bu addımı əsasən sərhədyanı ərazilərdə təhlükəsizlik risklərinin artması və Druz icmasının müdafiəsi ilə əlaqələndirir. Eyni zamanda, bu əməliyyatlar İranın Suriyadakı hərbi iştirakına qarşı önləyici tədbirlər kontekstində də qiymətləndirilir. İsrailin bölgədəki sabitliyə yönəlik narahatlıqları onun milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir.
Suriya tərəfi isə bu əməliyyatları ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirir və beynəlxalq hüququn pozulduğunu bildirir.
Hadisələr fonunda Türkiyə də daxil olmaqla digər regional aktorların mövqeləri və maraqları məsələyə əlavə ölçülər qazandırır.
Druz böhranı fonunda İsrailin Suriyada artan hərbi fəallığı
İsrailin Yaxın Şərq üzrə siyasi eksperti Maykl Borodkin APA-ya açıqlamasında qeyd edib ki, Suveyda vilayətində bədəvilərlə druzlar arasında başlayan toqquşmalar nəticəsində İsrail druzları qorumaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə Suriyadakı hökumət qüvvələrinə qarşı hərbi müdaxilə həyata keçirib.
Onun sözlərinə görə, Suveydada druzlara qarşı təzyiqlərin artması İsrailin hərbi reaksiya göstərməsinə və Suriya qüvvələrinin ərazidən çəkilməsinə gətirib çıxardı: “Suriyanın Suveyda vilayətində, İsrail sərhədindən təxminən 70 km məsafədə bədəvilərlə druzlar arasında toqquşmalar baş verib. Əldə olunan məlumata əsasən, hadisələr bədəvilərin druzları qarət etməsi ilə başlayıb. Druzlar buna cavab verməyə çalışıblar, lakin tezliklə hadisəyə keçmiş cihadçılardan ibarət olan və hökumətə bağlı olan hərbi birliklər qarışıb və bədəvilərin tərəfini tutublar. Druzlara qarşı amansız zorakılıq hallarına dair çoxsaylı məlumatlar yayılıb. Daha sonra İsrail ordusu müdaxilə edib. İsrail daha əvvəl Suriya hökumətini druzlara hücum etməməsi barədə xəbərdar etmişdi. İsrail Müdafiə Qüvvələri bir neçə zirehli texnika karvanını, Baş Qərargah binasını və digər obyektləri bombaladıqdan sonra hökumət qoşunları Suveyda vilayətindən geri çəkildiklərini elan ediblər.”
Siyasi ekspert bu əməliyyatda İsrailin iki əsas məqsəd güddüyünü vurğulayıb: “Birincisi, druzları humanitar səbəblərlə yanaşı, İsraildə yaşayan və müdaxilə tələb edən böyük druz icmasının təzyiqi ilə qorumaq, ikincisi isə sərhədyanı zonada ağır silahların yerləşdirilməsinin qarşısını almaq. Bu, Suriya hökumətinin hələ də qeyri-sabit olması və öz ekstremist müttəfiqlərinə tam nəzarət edə bilməməsi ilə bağlıdır. Məsələn, həmin ekstremistlər ələvilərə qarşı qətliam törədiblər, lakin bu əməllərə görə heç kim məsuliyyət daşımayıb. Bu səbəbdən onların sərhəd yaxınlığında görünməsi İsrailin təhlükəsizliyi üçün təhdid sayılır.”
Borodkinin sözlərinə görə insident bitmiş kimi görünsə də, Suriyadakı davamlı qeyri-sabitlik və azlıqlar arasındakı etimadsızlıq bu cür toqquşmaların təkrarlanmasını istisna etmir: “Hazırda insidentin bitmiş olduğu görünür, lakin bu cür hadisələr təkrar baş verə bilər. Bununla belə, mən hesab edirəm ki, İsrailin iştirakı ilə Cənubi Suriyada genişmiqyaslı yeni müharibə ehtimalı aşağıdır. Eyni zamanda, Suriyada qeyri-sabitlik davam etdiyi müddətdə — xüsusən də druzlar, ələvilər, kürdlər və xristianlar kimi azlıqların dünənki cihadçılara qarşı güclü etimadsızlığı fonunda — bu tip hadisələrin zaman-zaman baş verməsi qaçılmazdır”.
“İsrail Suriyada geosiyasi nüfuzunu artırır...”
Suriyali siyasi şərhçi Ahmad Qohş isə bu qənaətdədir ki, İsrail Suriyadakı hakimiyyət boşluğundan istifadə edərək həm təhlükəsizlik məqsədləri, həm də geosiyasi və geoiqtisadi strategiyasının tərkib hissəsi kimi bölgədə hərbi və siyasi təsirini genişləndirir.
Suriyali şərhçi APA-ya açıqlamasında bildirib ki, Əsəd rejiminin süqutundan sonra İsrail bu ölkədə hərbi fəallığını nəzərəçarpacaq dərəcədə artıraraq, özünün daha genişmiqyaslı strateji gündəmini formalaşdırmağa çalışır.
“Əvvəllər əsasən İrana bağlı silahlı qrupları və Hizbullaha silah ötürülməsini hədəf alan İsrailin hava zərbələri, son dövrlərdə daha dərin geosiyasi yenidənqurma planının tərkib hissəsinə çevrilib. İranın bölgədəki təsir dairəsinin azalması ilə bağlı məlumatlar fonunda İsrail xüsusilə idarəetmə boşluğu müşahidə olunan Suriyanın şimalında Türkiyənin təsirinin qarşısını almaq üçün mövqeyini gücləndirməyə çalışır. İsrailin fəaliyyəti təkcə rejim və silahlı dəstə mövqelərinə hava zərbələri ilə məhdudlaşmır, eyni zamanda, işğal altında saxladığı Colan yüksəklikləri və Hermon dağında hərbi və logistik iştirakını genişləndirərək orada yarı-daimi mövcudluq formalaşdırır. Bununla yanaşı, İsrail rəhbərliyi Suriyanın muxtar və ayrı-ayrı etniklərə parçalanmasını açıq şəkildə müdafiə etməklə, müharibədən sonrakı regional nizamın yenidən dizaynına dair daha geniş vizyon təqdim edir. Baş nazir Benyamin Netanyahunun bəyanatında Dəməşqin cənubunda Suriya ordusunun hərbi fəaliyyəti qəbuledilməz sayılır. O, Quneytra, Dəraa və Suveyda daxil olmaqla, Suriya cənubunun tam silahsızlaşdırılmasını tələb edir ki, bu bölgələrdə druz icması mühüm yer tutur. Netanyahunun bu mövqeyi təkcə İsrailin təhlükəsizliyi ilə deyil, həm də sərhədyanı ərazilərdə fəaliyyət göstərən radikal qrupların güclənməsinin qarşısının alınması ilə əsaslandırılır. Beləliklə, İsrailin Suriyadakı strategiyası eyni vaxtda bir neçə məqsədə xidmət edir: geosiyasi çəkidə güc rolunu möhkəmləndirmək, potensial təhlükələri önləmək və bölgədə gələcək geoiqtisadi layihələr, o cümlədən ticarət və logistika dəhlizləri üçün əlverişli təhlükəsizlik mühiti formalaşdırmaq. Bu siyasət, həm də “Yeni Yaxın Şərq” konsepsiyası çərçivəsində regional arxitekturanın yenidən qurulması səylərinin bir parçası kimi qiymətləndirilə bilər”, - o əlavə edib.
“Druzların müdafiəsi İsrailin Suriyadakı strateji planlarının örtüyüdür...”
Ahmad Qohşun fikrincə, druz icmasının müdafiəsi arqumenti zahirən legitim görünsə də, əslində bu, İsrailin Suriyada artan hərbi iştirakını əsaslandırmaq üçün istifadə olunan rahat və instrumental izahdır, reallıqda isə İsrailin müdaxilələri etnik və dini mənsubiyyətdən çox, coğrafi mövqe və strateji maraqlar kontekstində müəyyənləşir: “Druz icmasının qorunması, xüsusilə də İsraildəki druzların orduda xidmət etməsi və cəmiyyətə inteqrasiya olunması fonunda legitim bir narahatlıq kimi görünə bilər. Lakin bu, İsrailin müdaxiləsinin əsas motivi kimi qiymətləndirilməməlidir. Druzlar İsrail cəmiyyətində tutduqları mövqeyə görə, siyasi və hərbi dairələrdə lobbiçilik etmək və təzyiq göstərmək imkanına malikdirlər. Buna baxmayaraq, bu arqument çox vaxt strateji zərurətdən daha çox rahat bir izahat forması kimi istifadə olunur. Reallıqda isə, əgər İsrailin sərhədləri yaxınlığında bu cür vəziyyətdə hər hansı başqa bir icma yerləşsəydi, eyni məntiq tətbiq olunacaqdı. Məsələn, İsrailin təhlükəsizlik sahəsində praqmatik razılaşmalar əldə etdiyi İordaniya və Misir, yaxud da mövcudluğuna təhdid kimi qəbul etdiyi Livandakı Hizbullah fərqli yanaşmalar tələb edir. Bu mənada druzlar istisna təşkil etmir. Burada əsas məsələ kimliyə deyil, coğrafi yaxınlıq, idarəçilik və bölgəsəl mövqeyə verilən strateji əhəmiyyətə bağlıdır. Bu yanaşma daha geniş bir həqiqəti ortaya qoyur: İsrail artıq sadəcə müdafiə xarakterli fəaliyyət göstərən bir dövlət deyil, öz sərhədlərindən kənarda prosesləri formalaşdırmaq iradəsi və imkanına malik olan regional gücə çevrilib. İsrail istənilən hadisəyə müdaxilə edə, dəstək verə, lobbiçilik edə və ya qarşı çıxa bilər, yetər ki, bu, onun strateji maraqlarına xidmət etsin. Daxili çəkişmələrlə və hakimiyyət boşluqları ilə parçalanmış regionda İsrail üçün mütəmadi imkanlar yaranır – istər zor gücü ilə, istərsə də dəvətlə. Bu davranış modeli İsrailin uzunmüddətli məqsədini açıq şəkildə göstərir: regionun gələcəyini formalaşdıran danışıqlar masalarında iştirakçı olmaq və mümkün qədər həlledici söz sahibi kimi yer almaq”.
“Ordu dağılmayıb, sistemli şəkildə çökdürülüb – ölkə “tərk edilmiş torpağ”a çevrilir...”
Suriya ordusunun hazırkı vəziyyəti, ölkənin müdafiə qabiliyyəti məsələsinə toxunan siyasi şərhçi qeyd edib ki, Suriyada ordunun dağılmasını təkcə hərbi infrastrukturun süqutu kimi deyil, daha geniş strateji mənzərədə - daxili institutların zəifləməsi və regional güclərin toqquşan maraqları fonunda baş verən sistemli bir dağılma kimi qiymətləndirilməlidir: “Keçmişdə texnoloji cəhətdən geridə olsa da, Suriya ordusu əsgər sayı, intizam və sabit döyüş doktrinası baxımından regionda ciddi hesab edilən qüvvələrdən biri idi. Xüsusilə də Beyrut döyüşlərində İsrailin Suriyanın xüsusi təyinatlı qüvvələri ilə üzləşməsi bu ordunun peşəkar və təhlükəli bir rəqib kimi tanınmasına zəmin yaratmışdı. Lakin zamanla ordu daxilindəki struktur balans pozuldu. Əsəd rejiminin mərkəzləşmiş hakimiyyət modeli və iqtisadi resursların rejim elitasının əlində cəmlənməsi, ordunun sıravi heyətinin – simvolik olaraq ayda 16 dollar maaşla xidmət edən əsgərlərin – tamamilə diqqətdən kənarda qalması ilə nəticələndi. Bu siyasət tədricən hərbi institutun zəifləməsinə və dövlətin təhlükəsizlik arxitekturasının çöküşünə səbəb oldu. Nəticədə, dövlət nəzarətinin zəif olduğu bölgələrdə yaranan boşluğu cihadçı və radikal islamçı qruplar doldurdu. İŞİD, Əl-Qaidə, Həyat Təhrir əş-Şam və Ənsar əs-Sünnə kimi təşkilatlar klassik hərbi struktura malik olmadan, qeyri-konvensional üsullarla fəaliyyət göstərir. Onların döyüş strategiyası sistemli planlamadan çox, ideoloji motivasiyaya və şiddətə əsaslanır. Bu qüvvələrin hərbi fəaliyyəti koordinasiyalı əməliyyatlardan çox, dağıntı, xaos və vəhşiliklə müşayiət olunur. Bu qrupların törətdikləri zorakılıqlar – mülki əhaliyə qarşı fərq qoymadan törədilən qətliamlar, talan, yaşayış evlərinin və meşələrin yandırılması təsadüfi deyil. Bu, onların həmin ərazilərə qarşı yad münasibət bəslədiklərini və özlərini azadlıq simvolu deyil, işğalçı qüvvələr kimi aparmalarını əks etdirir. Bu davranış təkcə taktiki seçim deyil, daha dərindən torpaqla olan psixoloji və ideoloji bağın qırıldığını göstərir. Eyni zamanda, həm bu silahlı qrupların, həm də bəzən hökumətyönlü təhlükəsizlik qüvvələrinin mülki infrastruktur və ətraf mühitə qarşı göstərdiyi destruktiv münasibət həmin ərazilərin sistemli şəkildə yaşamaq üçün yararsız hala gətirilməsinə yönəlmiş görünür. Bu yanaşma, bir çox hallarda Suriyanı geri qaytarmaq və bərpa etmək deyil, əksinə, onu simvolik şəkildə “tərk edilmiş torpaq” halına salmaq niyyəti ilə izah oluna bilər. Hazırda Suriya ordusunun fəaliyyəti isə klassik milli müdafiə funksiyasından uzaqlaşıb və getdikcə daha çox ölkənin demoqrafik və coğrafi strukturunun dəyişdirilməsinə xidmət edən bir vasitəyə çevrilir. Bu yanaşma, bəzi dairələrdə “Yeni Yaxın Şərq” konsepsiyası çərçivəsində regionun yenidən xəritələndirilməsi cəhdlərinin tərkib hissəsi kimi dəyərləndirilir”.
“İsrailin Suriya hücumları həm İran, həm də Türkiyə təsirini balanslaşdırmaq məqsədi daşıyır...”.
İsrailin Suriyaya son hücumları bölgədəki mövcud güc balansına təsir göstərməkdədir. Türkiyə, bu prosesdə birbaşa tərəf olmasa da, Suriyanın şimalında mövcudluğu və regional güc statusu ilə diqqət çəkir. Ankara həm sərhəd təhlükəsizliyini təmin etməyə, həm də bölgədəki humanitar vəziyyəti sabit saxlamağa çalışır. Türkiyə gərginliyin artmamasına üstünlük verir və diplomatik yollarla sabitliyin qorunmasına dəstək göstərməyə çalışır.
Türk siyasi şərhçi Dilara Aslan isə APA-ya açıqlamasında İsrailin Suriyaya hücumunu təhlükəsizlik təminatı və bölgədəki İran təsirinin zəiflədilməsi kimi strateji məqsədlərlə yanaşı, Türkiyənin artan nüfuzunu balanslaşdırmaq cəhdi olduğunu qeyd edib.
O vurğulayıb ki, Suriyaya qarşı son hücumların və Bəşər Əsəd rejiminin devrilməsindən sonra müşahidə etdiyimiz digər müdaxilələrin arxasında üç əsas məqsəd dayanır.
“Birincisi, Qəzza müharibəsindən sonra formalaşan yeni regional reallıqlar fonunda İsrail öz milli təhlükəsizliyini təmin etmək məqsədilə, xüsusilə sərhədyanı ərazilərdə hərbi və strateji mövqelərini gücləndirməyə çalışır. Suriyanın cənub bölgələrinə yönəlmiş son hücumlar, Dəməşqə bu ərazilərdə sabit və güclü hərbi varlıq yaratmaqdan çəkinməsi üçün açıq mesaj kimi qiymətləndirilə bilər. Druz icmasının müdafiəsi ilə əsaslandırılan bu əməliyyatlar isə, əslində, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə zidd olaraq Suriyaya müdaxiləyə legitimlik qazandırmaq cəhdidir. İsrailin bu tip təhlükəsizlik yanaşması Livandakı hadisələrdə də müşahidə olunmaqdadır.
İkincisi, İsrailin əsas strateji narahatlıqlarından biri də bölgədə fəaliyyət göstərən islamçı silahlı qrupların təsir imkanlarının məhdudlaşdırılmasıdır. Tel-Əviv hazırda Əhməd əl-Şaraanın rəhbərlik etdiyi Suriya idarəçiliyinə etimad göstərmir və bu səbəbdən ABŞ-a müraciət edərək Suriyada yerləşən fələstinli döyüşçülərin çıxarılmasını tələb etmişdi. İsrail bu qrupların Suriyadakı idarəçilik boşluğundan istifadə edərək bölgədə radikallaşmanı gücləndirəcəyindən ehtiyat edir. Eyni zamanda, Tel-Əviv Suriyanın Türkiyənin təsir dairəsinə çevrilməsi perspektivindən narahatdır və bu fonda Ankara ilə Şaraanın müxtəlif sahələrdə, xüsusilə də təhlükəsizlik və hərbi istiqamətlərdə yaxın əməkdaşlığını diqqətlə izləyir.
Üçüncü əsas hədəf isə, İsrailin bölgədəki İran təsirini zəiflətmək strategiyasıdır. ABŞ və İsrail bu istiqamətdə HAMAS və Hizbullah kimi İran tərəfdarı təşkilatların gücünü azaltmaq üçün sistemli səylər göstərmiş, eyni zamanda, İranın əsas müttəfiqi olan Əsəd rejimini zəiflətməyə çalışmışlar. Bu strategiya çərçivəsində Yəməndəki Husi hərəkatı belə hədəf alınmışdı. İsrail xüsusilə Suriyanın İran silahlarının Livan istiqamətində daşınması üçün logistik körpüyə çevrilməsindən dərin narahatlıq keçirir və bu riskin qarşısını almaq məqsədilə əvvəlcədən zərbə endirmə siyasəti yürüdür,” - o deyib.