Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və ölkə ərazisində fəaliyyət göstərən geniş casus şəbəkəsini üzə çıxarıb. Bu barədə yerli media MTX-nın mətbuat xidmətinə istunadən məlumat yayıb. Məlumata görə, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilibmiş.
“Üstəlik, sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadını adı və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılıb. Bu hesablar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı təşkil edilib. Savadsız olan və görünür asan yolla qazanc əldə etməyə çalışan erməni zabitləri ələ alan bu hesabların yaradıcıları onlara müəyyən mükafatlar da vəd ediblər. Bunun müqabilində fərqli xarakterli məlumatları ötürməyi təklif ediblərmiş: qoşunların yerləşməsi, şəxsi heyətin və hərbçilərin sayı, texnika, döyüş sursatının həcmi, hərbi hissələrin komandanlıq strukturu, müdafiənin yerləşdirilməsi və s.
Agent şəbəkəsinin yaradıcıları rəsmi statuslarına görə qeyd olunan məlumatlara malik insanları şirnikləndirə biliblər. Sonuncular mobil proqramlar vasitəsilə bildikləri və xarici xüsusi xidmət orqanlarının tələbi ilə əldə etdikləri məlumatları faktiki olaraq öz dövlətlərinə qarşı xəyanətkar davranışlar sərgiləməklə “kuratorlarına” göndəriblər.
Genişmiqyaslı əməliyyat tədbirləri çərçivəsində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən kəşfiyyatının xeyrinə gizli fəaliyyətlə məşğul olan Ermənistan vətəndaşlarının şəxsiyyətini müəyyən etməyə nail olublar. Onlar ötürülən məlumatların həcmi və xarakterini də dəqiqləşdirib, həmçinin yeni informasiyaların ötürülməsinin qarşısını da alıblar”, - məqalələrdən birində yazılıb.
Azvision.az bildirir ki, istintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənəd və əşyalar müəyyən edilərək götürülüb.
Həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən çeklər aşkar edilib. Ümumilikdə 19 hərbçi saxlanılıb, onlardan bəziləri artıq əməllərini etiraf ediblər.