Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu və onun vəkili Nemət Kərimli dünən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerlə görüşüblər. Senzor.az-ın məlumatına görə, Tofiq Yaqublu Turan-a bildirib ki, ABŞ-ın Azərbaycandakı səfirliyində keçirilən və bir saatadək davam edən görüş çox maraqlı və səmərəli olub.
T.Yaqublunun sözlərinə görə, səfirliyin ötən il dekabrın 1-də polisin ona qarşı sərgilədiyi məlum davranışı ilk andan diqqətlə izlədiyini bildirən Örl Litzenberqer ondan və vəkilindən bu haqda əlavə məlumatlar alıb: “Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq".
Xatırladaq ki, Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərbdə) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.
Amma polis işgəncələrin ona heç bir aidiyyəti olmadığını bildirib, prokurorluq isə Yaqublunun şikayəti üzrə cinayət işi açmaqdan imtina edib.
Səbail Rayon Prokurorluğu T.Yaqublunun polis bölməsində "öz-özünə bədən xəsarəti yetirdiyini" müəyyən edib. Amma ictimaiyyətə bunun heç bir dəlili, xüsusən polis bölməsindəki müşahidə kameralarının görüntüləri təqdim edilməyib.
T.Yaqublu prokurorluğun qərarından məhkəməyə şikayət verib. İclas iki dəfə təxirə salınıb və bu dəfə fevralın 22-nə təyin edilib.