BMT-də islahatlar olmalıdır: NECƏ VƏ HANSI VASİTƏ İLƏ?
ELÇİN ALIOĞLU YAZIR

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Onun “məhkəmə"si rutin hüquqi prosedur deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu - ağrı və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını gördüyü canlı aynası.

 

5 il. Sadəcə, 5 il. Siyasətdə təkcə xronoloji dönəm yox, bütöv bir dövrdür. Bu zaman kəsiyi kürsülərdən səsləndirilən proqnozların qanlı reallığa çevrilməsi üçün kifayətdir. Və Azərbaycan Prezidenti İlham Əliyevin Nyu-Yorka səfəri sadə diplomatik vizit, prosedur deyil. Bu, informasiya məkanına yönəlmiş son, ümidsiz, amma tam dəqiq xəbərdarlıq atəşinin açıldığı məkana qayıdış idi. Əslində bu dönüş - vaxtilə eşidilmək istənilməyən tərəfin tarixi revanşının səssiz, amma danışan aktıdır.

 

5 il öncə. 21 sentyabr 2020-ci il. Pandemiya dövrünü yaşayan bəşəriyyət dünya liderlərini ekranlardan dinləyirdi. Bu virtual formatda Prezident İlham Əliyevin BMT-nin 75 illiyindəki çıxışı soyuq, dəqiq siyasi diaqnoz aktına çevrildi. Diplomatlara xas ifadələr yox idi - terminal mərhələyə girən münaqişənin simptomlarının aydın siyahısı vardı.

 

Bəs, dünya sülhünün ali keşikçisi sayılan, nizamnaməsi “Biz, Birləşmiş Millətlər xalqları, gələcək nəsilləri müharibə bəlasından xilas etməyə qətiyyət göstərərək…” sözləri ilə başlayan Təhlükəsizlik Şurası nə etdi? Cavab - kar sükut. Nə fövqəladə iclas, nə də qabaqlayıcı missiyalar. Müharibənin qarşısını almaq üçün yaradılan sistem öz iflicini nümayiş etdirdi. O vaxt, hələ sentyabrda, BMT-nin Təhlükəsizlik Şurası artıq canlı mexanizm yox, bahalı kostyum geyinmiş maneken idi.

 

27 sentyabr 2020. Sadəcə, 6 gün sonra. İkinci Qarabağ müharibəsi başladı. Proqnoz qorxunc dəqiqliklə gerçəkləşdi. Amma bu həqiqətdə zəfər yox idi, acı vardı - uzun illərin diplomatiyası, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884 saylı, 1993-cü il) - hamısı kağız üzərində qalmışdı. Qətnamələr işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi, amma arxivlərdəki mətnlər kimi onları toz basmışdı: hamı qəbul edir, amma heç kim icra etmirdi. BMT öz qərarlarının icrasını təmin edə bilmədi. Bu, sadəcə uğursuzluq deyildi - institusional iflas idi.

 

Onda Azərbaycan beynəlxalq hüququn çərçivəsində yeganə mümkün addımı atdı - özünümüdafiə hüququnu həyata keçirdi. 44 günlük Vətən müharibəsi “təcavüz aktı” yox, təcavüzkarı sülhə məcbur etmə və hüququn aliliyini bərpa etmə addımı idi. Müasir, yüksək texnologiyalı gücə çevrilmiş Azərbaycan Ordusu oğullarının qanı bahasına 30 ildə diplomatların və sülhməramlıların bacarmadığını reallaşdırdı. Bu, bütün dünya üçün acı dərs oldu: sistem hərəkətsiz qalanda, suveren dövlətin yalnız haqqı deyil, həm də borcu var - vətəndaşlarını qorumaq.

 

Azərbaycanın qələbəsi təkcə hərbi yox, həm də hüquqi zəfər idi. Çox nadir hallarda bir ölkə BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına icra edir. Faktiki olaraq, Azərbaycan BMT-nin işini gördü və sübut etdi: beynəlxalq hüquq - abstraksiya deyil, qorunmalı və tətbiq olunmalı real mexanizmdir.

 

Azərbaycan nümunəsi BMT-nin faciəsi deyil, qlobal xəstəliyin simptomudur. Bu xəstəliyi artıq dünyanın bir çox liderləri diaqnoz qismində qəbul ediblər. ABŞ prezidenti Donald Trampın vaxtilə dediyi kimi, o, heç bir BMT dəstəyi olmadan münaqişələri həll edə bildiyini bəyan edəndə, bu sözlər təşkilatın banilərindən və ən iri donorundan çıxmış ölüm hökmü idi.

 

Məsələnin kökü isə 1945-ci ildə dondurulmuş memarlıqda gizlidir. Təhlükəsizlik Şurası beş daimi üzvün (P5) veto hüququ ilə sülh alətindən daha çox, geosiyasi oyun meydançasına çevrilib. Hər hansı əməli təşəbbüs dərhal hansısa dövlətin öz vassallarını və maraqlarını qorumaq naminə qoyduğu veto ilə bloklanır. Beləliklə, BMT tənqidçilərinin dediyi kimi, “diskussiya klubu”na çevrilmək riski daşıyır. Bir yerdə Ruandadakı soyqırımı haqqında çıxışlar edilir - hadisədən sonra. Başqa yerdə Srebrenitsada mülki əhalinin müdafiəsi haqqında qətnamə qəbul olunur - soyqırım bitəndən sonra. İllərlə Suriya faciəsi müzakirə edilirdi, amma qan axını dayandırıla bilmirdi.

 

Bugünkü Təhlükəsizlik Şurası - siyasi anaxronizmdir, sanki zaman maşınından çıxmış sümük qalıqlarıdır. Onun tərkibində 1,5 milyard əhalisi olan Afrikanın daimi təmsilçisi yoxdur, Latın Amerikası da yox sayılır. Avropa isə Fransa, Böyük Britaniya və Rusiya timsalında beş kreslodan üçünü tutur. Bu, XXI əsrin real dünya xəritəsinin kobud təhrifidir. Afrikanın səsi, müsəlmanların təmsilçiliyi, qlobal Cənubun mövqeyi - taleyüklü qərarların qəbul olunduğu masada ümumiyyətlə eşidilmir. Bu, elə bil müasir meqapolisi hələ at arabaları dövründəki yol qaydaları ilə idarə etmək kimidir - nə işıqfor var, nə də avtomobil.

 

Hər bir məzmunlu qərar beş daimi üzvün hamısının razılığını tələb edir. Bu isə o deməkdir ki, tək bir dövlət bəşəriyyətin mütləq əksəriyyətinin iradəsini bloklaya bilər. Biz bunu 2024–2025-ci illərdə aydın görürük: ABŞ Qəzza ilə bağlı qətnamələri əngəlləyir, Rusiya isə KXDR-ə qarşı sanksiya mexanizmini iflic vəziyyətinə salır. Veto - ehtiyatlılıq aləti deyil, diplomatik nüvə şantajının vasitəsidir. Bu, “padşahların” hüququdur, “köləlik” mövqeyində saxlanılan Baş Assambleyanın fonunda.

 

“Penholderlik” sistemi ABŞ, Böyük Britaniya və Fransaya qətnamə layihələrinin hazırlanmasında monopolya verdi. Digər üzvlər, xüsusilə də seçilənlər, sənədlərin məzmununa ilkin mərhələdə təsir etmək imkanından məhrum edildilər. Onların taleyi sadəcə hazır mətni səsverməyə çıxarmaqdır - özgə tamaşasında ikinci dərəcəli aktyorlar kimi.

 

BMT bu gün parçalanmış, çoxqütblü dünyanın güzgüsünə çevrilib. Bu güzgüdə bəşəriyyətin fundamental məsələlərdə anlaşa bilməməsi aydın görünür. Amma dünya parçalanıbsa, bu, ədalətin mövcud olmadığı anlamına gəlmir. Azərbaycan 2020-ci ildə sübut etdi: ədalət əlçatandır - bəzən ona çatmaq üçün ən kəskin addımları atmaq lazım gəlir.

 

Qarabağ münaqişəsinin tarixçəsi təkcə regional problem deyildi - bu, qlobal idarəçilik sisteminə yönəlmiş fundamental çağırış idi. Bu gün Nyu-Yorkdakı BMT qərargahının dəhlizlərində dolaşan əsas sual budur: öz əsas funksiyalarını yerinə yetirə bilməyən təşkilatla nə etməli? Azərbaycan təcrübəsi isə sərt, amma aydın cavab verir: dərin struktur islahatları olmadan BMT bahalı və faydasız reliktə çevrilmə riski ilə üz-üzədir.

 

Bütün planetin müxtəlif guşələrindən islahat tələb edən səslər yüksəlir. Afrika qitəsi iki daimi yer istəyir - bu, “Ezulvini konsensusu” adlanır. “Böyük dördlük” - Almaniya, Hindistan, Braziliya və Yaponiya - Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarıdır. İtaliya və Pakistanın da daxil olduğu “Uniting for Consensus” koalisiyası isə seçilən üzvlərin sayının artırılmasını tələb edir. Bütün bunlar bir mesaj verir: dünya artıq İkinci Dünya müharibəsindən sonra yaradılan strukturu qəbul etmir, yeni balans tələb edir.

 

Birinci mərhələ - sürətli tədbirlər, yəni Nizamnaməyə toxunmadan həyata keçirilə bilən “lokal cərrahiyyə”. Burada üç istiqamət diqqət çəkir.

Birincisi - soyqırımı və kütləvi qırğın hallarında veto hüququnun könüllü moratoriumu. Bu, Fransa və Meksikanın təşəbbüsüdür və daimi üzvlərin vicdanına testdir.

İkincisi - “penholder”lərin monopoliyasının dağıdılması və qətnamə layihələrinin hazırlanmasında rotasiyanın tətbiqi. Beləliklə, digər ölkələr də səs qazanacaq.

Üçüncüsü - hər hansı vetonun məcburi ictimai əsaslandırılması. Bu, hüquqi və humanitar qiymətləndirmə ilə müşayiət olunmalıdır ki, dünya görsün - kim və niyə həyatların xilasını bloklayır.

 

İkinci mərhələ - orta müddətli tədbirlər, başqa sözlə, sistemin “yenidən proqramlaşdırılması”. Burada əsas ideya bloklama mexanizminin mürəkkəbləşdirilməsidir.

“İki açar” modeli vetonun yalnız ən azı iki daimi üzvün dəstəyi ilə qüvvəyə minməsini nəzərdə tutur. Digər variant - “təxirə salınmış veto”: vetonu qoyan tərəf alternativ mətn təqdim etmədən, təkrar səsvermə keçirilə bilməz. Bundan əlavə, münaqişənin tərəfi olan daimi üzvün səsvermədə iştirakdan imtina etməsi vacib prinsip ola bilər - heç kim öz işində hakim ola bilməz.

 

Üçüncü mərhələ - uzunmüddətli tədbirlər, yəni yeni binanın inşası. Burada söhbət Təhlükəsizlik Şurasının 25–26 üzvə qədər genişləndirilməsindən, Afrikadan, Latın Amerikasından, Hindistandan və Braziliyadan yeni daimi üzvlərin əlavə edilməsindən gedir. İlk mərhələdə bu üzvlərə veto hüququ verilməməsi təklif olunur ki, islahatların qarşısı alınmasın. Afrika yerlərinin Afrikanın özü tərəfindən namizəd göstərilməsi və Baş Assambleya tərəfindən təsdiqlənməsi prosesi legitimləşdirəcək.

 

Prezident İlham Əliyevin Nyu-Yorka səfəri artıq kömək çağırışı deyildi. Bu, görülmüş işlərin hesabatı və yeni status-kvonun soyuq analizi idi. Eyni zamanda beynəlxalq ictimaiyyətə səssiz, amma dağıdıcı bir xatırlatma idi: “Biz sizi xəbərdar etmişdik. Siz eşitmək istəmədiniz. İndi nəticə budur.”

 

Bu dərs unudulmamalıdır. Çünki növbəti böhran, növbəti xəbərdarlıq başqa bir regiondan gələ bilər. O vaxta qədər BMT Manhettenin memarlıq bəzəyinə çevriləcəkmi, yoxsa ikinci nəfəsini tapacaq - bu, dünyanın refleksiya qabiliyyətindən asılıdır.

 

Azərbaycan öz payına düşən işi görüb - ədaləti bərpa edib. İndi növbə BMT-yə çatıb: o, hələ siyasi dinozavra çevrilmədiyini sübut etməlidir. Təhlükəsizlik Şurasının islahatı - kosmetik dəyişiklik deyil, beynəlxalq təhlükəsizlik sisteminin yaşayıb-yaşamayacağı məsələsidir. Ya leviatan yeni əsrin sularında üzməyi öyrənəcək, ya da tarix dalğaları onu da əvvəlkilər kimi amansızlıqla udacaq. Vaxt isə daralır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.