KÜL İÇİNDƏ ÜMİD: FƏLƏSTİNLİLƏR ÜÇÜN YENİ XƏRİTƏ
GEOSİYASİ ANALİZ - PROQNOZ

ABŞ prezidenti Trampın komandasının dünyanın diqqətinə təqdim etdiyi sənədi artıq “Ən iddialı təşəbbüs” adlandırırlar. “Qəzza münaqişəsinin dayandırılması üzrə hərtərəfli plan” - aylarla davam edən gizli danışıqların, diplomatik manevrlərin və beynəlxalq məsləhətləşmələrin yekunu kimi ortalığa çıxıb. Amma ən önəmlisi odur ki, bu plan insanlığın bitib-tükənməyən qan və dağıntılardan, hər yeni qurbanın yeni hücuma bəhanəyə çevrildiyi zorakılıq balansından bezməsinin nəticəsi oldu.

Trampın planı boş niyyət bəyanatı deyil, əksinə, xəstə bədənin canını xilas etmək üçün hazırlanmış cərrahi protokol dəqiqliyi ilə yazılmış yol xəritəsidir. Bu gün Qəzza - yanmış, viran olmuş şəhərlərin məkanıdır: yaşayış fondunun 70 faizi dağıdılıb, milyonlarla insan işıqsız, susuz qalıb, iqtisadiyyat külə dönüb. Məhz bu “ümidsizlik səhrasında” Vaşinqton gələcək üçün yeni bir kontur çəkməyə çalışdı və onu üç dayağın üzərində qurdu.

Birinci dayağ - radikallaşmadan imtina və silahsızlaşdırma. Plan HƏMASın və digər silahlı qrupların hərbi infrastrukturunun tamamilə ləğvini, könüllü silah təhvil verənlərə amnistiyanı, döyüşçülərin təhlükəsiz şəkildə anklavdan çıxarılmasını nəzərdə tutur. Müəlliflərin fikrincə, bu, təkcə hərbi addım deyil, həm də simvolik başlanğıcdır - bölgədə zorakılığın yeganə dil olmaktan çıxması.

İkinci dayağ - keçid dövrü texnokratik idarəçilik. Qəzza üçün apolitik, müvəqqəti komitə yaradılması planlaşdırılır. Onun öhdəsinə kommunal, sosial və bələdiyyə funksiyalarını icra etmək düşəcək. Bu, özünəməxsus “mütəxəssislər hökuməti” olacaq və məqsəd odur ki, şəhərlərdə, kəndlərdə insanlar sadəcə yaşamaq uğrunda mübarizə aparmasın, normal həyatlarına qayıtsınlar. Bütün prosesə isə “Sülh Şurası” nəzarət edəcək. Şuraya ABŞ prezidenti Tramp sədrlik edəcək, Avropa və ərəb dünyasından nümayəndələr, o cümlədən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler də daxil olacaq. Bununla da Vaşinqton tək tərəfli dominantlığı istisna edib, kollektiv məsuliyyət formatını irəli sürür.

Üçüncü dayağ - regional tərəfdaşların zəmanəti və beynəlxalq müşayiət. Təhlükəsizlik üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi planlaşdırılır. Onların missiyası - fələstinli polis əməkdaşlarının hazırlanması, qayda-qanunun qorunması və keçid dövründə xaosun qarşısının alınması olacaq. Bu missiya Qəzza sakinləri üçün illərdən bəri ilk dəfə qorxusuz nəfəs almağa, sabahı qurmağa imkan verəcək.

Beləliklə, plan hərbi, inzibati və beynəlxalq ölçüləri birləşdirir. O, üç qüvvətli tağdan ibarət körpünü xatırladır: təhlükəsizlik, idarəçilik, zəmanətlər. Ayrı-ayrılıqda yetərli deyil, amma birlikdə onlar dağıdılmış regionu yeni reallığa aparacaq.

Lakin sənədin arxitekturası suallar da doğurur: tərəflərdə siyasi iradə olacaqmı, region zəmanətçi rolunu götürməyə hazırdırmı, küçənin təzyiqinə və revanşist əhval-ruhiyyəyə qarşı etimadın kövrək toxuması davam gətirəcəkmi. Trampın planı təkcə müharibəni dayandırmaq cəhdi deyil, həm də bu münaqişənin tarixini yenidən yazmaq, qan və qisas dairəsini qırmaq, yeni başlanğıca çevirmək niyyətidir.

Humanitar və iqtisadi istiqamət

Tramp açıq vurğuladı ki, Qəzzanın bərpası klassik BMT və ya Qırmızı Aypara mexanizmlərindən asılı olmamalı, iqtisadi-investisiya xarakteri daşımalıdır. Alternativ kimi xüsusi iqtisadi zona yaradılması təklif edilir. Burada güzəştli tariflər və vergi rejimi tətbiq olunacaq. Hesablara görə, ilk üç ildə sektora azı 10 milyard dollar yatırılacaq, bunun yarısını Fars körfəzi ölkələri qarşılayacaq.

Humanitar yardım “tam həcmdə” veriləcək: işıq, su, kanalizasiya, xəstəxanalar bərpa olunacaq. Müqavilə imzalandıqdan sonra ilk həftələrdə 5 min mobil ev və sahə hospitalı yerləşdirilməsi planlaşdırılır. Ən mühüm məqam - resursların bölgüsü radikal qrupların yox, beynəlxalq sabitləşdirmə qüvvələrinin və müvəqqəti komitənin nəzarətində olacaq.

Beləliklə, Ağ Ev yeni model təklif edir: sadəcə yardım qutuları deyil, idarə olunan infrastruktur sistemi qurmaq. Yəni hər litr yanacaq, hər ton sement, hər qutu dərman uçotdan keçəcək və beynəlxalq nəzarət altında bölgə sakinlərinə çatdırılacaq.

Siyasi və hüquqi aspektlər

Xüsusi diqqət çəkən məqamlardan biri sənədin 19-cu bəndidir. Burada fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna toxunulur. ABŞ dövlətçilik arzularını tanıyır, amma müstəqil Fələstinin rəsmən tanınmasını “şəraitin yaradılmasınadək” təxirə salır. Başqa sözlə, Ağ Ev ərəb ölkələrinin “iki dövlətli həll” prinsipini möhkəmləndirmək tələbi ilə İsrailin dərhal fələstin dövlətçiliyini rədd edən sərt mövqeyi arasında ortaq zəmin axtarır.

Sənəd İsrailin Qəzzanı nə işğal, nə də ilhaq etməyəcəyinə dair zəmanət verir, üstəlik əhalinin zorla köçürülməsinin yolverilməzliyini təsdiqləyir. Bu bənd prinsipial əhəmiyyət daşıyır. Çünki yeni “Nakba” - yəni fələstinlilərin kütləvi köçürülməsi qorxusu, ərəb cəmiyyətində 2023–2024-cü illərdəki israilli əməliyyatlara sərt reaksiya doğuran əsas səbəblərdən biri olmuşdu.

Hüquqi çətinlik isə ondadır ki, Trampın planı BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə birbaşa bağlı deyil, hərçənd beynəlxalq hüquq prinsipinə formal istinad edir. Bu, Ağ Evə geniş manevr imkanları verir, amma eyni zamanda sənədin həyata keçirilməsini tərəflərin könüllü razılığına bağlayır.

İsrailin reaksiyası: hərbi məntiq ilə siyasi təzyiq arasında

Trampın planının dərcindən sonra İsrailin reaksiyası ziddiyyətli oldu. Baş nazir Binyamin Netanyahu Vaşinqtonda çıxış edərək “ABŞ prezidentinin təşəbbüsündə ciddi dialoq üçün əsas görürəm” dedi. Amma İsrail siyasi səhnəsində dərhal parçalanma yarandı.

Maariv qəzetinin yazdığına görə, təhlükəsizlik kabineti ikiyə bölünüb: müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi bir qrup təşəbbüsü dəstəkləməyə meyllidir, çünki Qəzzadakı hərbi kampaniya çıxılmaz nöqtəyə çatıb - gündəlik itkilər və beynəlxalq təzyiq əməliyyatın davamını olduqca baha başa gətirir. Digər tərəfdən isə ultra-sağ partiyalar - “Dini Sionizm” və “Otzma Yehudit” - planı kəskin rədd edərək onu “terror qarşısında təslim” adlandırırlar.

İctimai rəy də parçalanıb. İsrail Demokratiya İnstitutunun 2025-ci ilin sentyabr sorğusuna görə, israillilərin 52 faizi “əsirlər müqabilində əməliyyatın dayandırılmasını” dəstəkləyir, amma cəmi 28 faizi 250 ömürlük məhkumun azadlığa buraxılmasına razıdır. Eyni zamanda respondentlərin 60 faizi ABŞ və Avropa ölkələrinin də qatıldığı beynəlxalq sabitləşdirmə qüvvələrini dəstəkləyir, amma yalnız ərəb kontingenti ilə bu ideyaya isti baxmır.

Netanyahunun dilemması göz qabağındadır: bir tərəfdən Trampın dəstəyi - ki, bu dəstək əvvəlki administrasiyadan fərqli olaraq İsrail üçün siyasi və hərbi baxımdan həyati əhəmiyyət daşıyır. Digər tərəfdən isə sağ müttəfiqlərin təzyiqi - onlarsız Netanyahunun koalisiyası ayaqda qala bilməz.

Fələstin perspektivi: ümidlə şübhə arasında

Qərb sahilindəki Fələstin administrasiyası planı ehtiyatlı şəkildə müsbət qarşıladı. 2023-dən sonra siyasi nüfuzu xeyli zəifləyən Mahmud Abbas təşəbbüsdə öz rolunu bərpa etmək şansı görür. FƏTH nümayəndələri bildirdilər ki, əgər bu addım vahid Fələstin dövlətinin qurulmasına aparacaqsa, “keçid dövrü texnokratik idarəçiliyi” dəstəkləyirlər.

Amma Qəzzadan səslənən mövqe tam fərqlidir. HƏMAS rəhbərliyi faktiki etiraf edir ki, formal olaraq hakimiyyətdə qala bilməyəcəklər. İsrail mediasına danışan ehtiyatda olan zabit Ofer Şilah qeyd edib: “HƏMAS həmişə uzunmüddətli perspektivdə düşünür” və 5–10 ildən sonra yenidən hakimiyyətə qayıtmağa cəhd edə bilər. İsrail hərbi kəşfiyyatının 2025-ci ilin sentyabrına dair qiymətləndirməsinə görə, Həmasın hələ də 10–20 min arasında döyüşçüsü mövcuddur və onların bir qismi artıq humanitar zonalara sızıb.

Bu isə planın ən zəif həlqəsini - silahsızlaşdırma və amnistiyanı göstərir. 2014-cü ilin təcrübəsi sübut edir ki, İsrail ordusunun sərt kampaniyalarından sonra belə, HƏMAS 2–3 il ərzində hərbi potensialını bərpa edə bilib.

Ərəb ölkələrinin reaksiyası: ehtiyatlı dəstək

Planın uğuru birbaşa ərəb dövlətlərinin mövqeyindən asılıdır. Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Qətər, İordaniya, BƏƏ, Pakistan və İndoneziya xarici işlər nazirlərinin birgə bəyanatı mühüm siqnal oldu. İlk dəfə bu qədər geniş blok açıq şəkildə Amerika təşəbbüsünə dəstək verdi.

Sənəddə İsrail qoşunlarının tam çıxarılmasının, fələstinlilərin zorla köçürülməsinin yolverilməzliyinin və humanitar yardımın fasiləsiz təmin edilməsinin vacibliyi vurğulandı. Daha önəmlisi, bu formatda ilk dəfə iki dövlətli həll prinsipi təsbit olundu. Bu məqam xüsusən Türkiyə və Səudiyyə Ərəbistanı üçün əhəmiyyətlidir - son aylarda hər iki ölkə İsrail üzərindəki təzyiqini artırmışdı.

Ərəb ölkələrinin iqtisadi maraqları da aydındır: Qəzzanın bərpasında iştirak onlara həm siyasi xal qazandıracaq, həm də milyardlarla dollarlıq layihələrə yol açacaq. Bloomberg Middle East-in 2025-ci ilin sentyabr məlumatına görə, BƏƏ və Qətər artıq təxminən 3 milyard dollarlıq investisiya paketləri hazırlayıblar və bu pullar infrastruktur layihələrinə yönəldilə bilər.

Humanitar vəziyyət: 2025-ci ilin payızı reallığı

Planın nə dərəcədə gerçəkçi olduğunu anlamaq üçün bu gün Qəzzanın vəziyyətinə baxmaq kifayətdir.
– BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin (OCHA) məlumatına görə, 2025-ci ilin sentyabrına qədər Qəzzada həlak olanların sayı 38 mini keçib, onların təxminən 40 faizi uşaqlardır.
– İki milyondan artıq insan sabit içməli suya çıxışdan məhrumdur.
– Məktəb və universitetlərin 75 faizi dağıdılıb və ya yararsız vəziyyətə düşüb.
– İşıq gündə ən yaxşı halda 3–4 saat verilir.
– İqtisadi fəaliyyət 2022-ci illə müqayisədə 85 faiz aşağı düşüb.

Bu rəqəmlər göstərir ki, genişmiqyaslı beynəlxalq müdaxilə olmadan bərpa mümkünsüzdür. Amma Trampın planı ilk dəfə olaraq humanitar bərpanı siyasi şərtlərlə bağlayır: amnistiya, silahsızlaşdırma, beynəlxalq idarəetmə. 2020-ci ildəki “əsrin sazişi”ndə də, daha əvvəlki təşəbbüslərdə də belə bir yanaşma yox idi.

Beynəlxalq ölçü

Trampın planı regiondan kənarda da həm maraq, həm də tənqid doğurdu. Aİ-nin ali nümayəndəsi Jozep Borrell beynəlxalq sabitləşdirmə qüvvələrinin ideyasını alqışladı, amma BMT-nin prosesdən kənarlaşdırılmasını kəskin tənqid etdi. Böyük Britaniya isə əksinə, “Sülh Şurası”nda iştirak etməyə hazır olduğunu açıqladı və Toni Blerin nümayəndə kimi təyin olunması məsələsini müzakirə etməyə başladı.

Rusiya və İran isə sərt şəkildə etiraz etdilər. Moskva sənədin “BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququ görməməzliyə vurduğunu” bildirdi. Tehran isə bunu “ABŞ-ın regionda hegemonluğunu rəsmiləşdirmək cəhdi” adlandırdı.

Azərbaycan üçün sənəd xüsusi önəm daşıyır. Çünki o, Bakının illərdir öz xarici siyasətində müdafiə etdiyi əsas prinsipi əks etdirir - təhlükəsizlik, humanitar yardım və inkişaf məsələlərinin bir-biri ilə bağlı şəkildə həll olunması. Məhz bu kompleks yanaşma Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi enerji və infrastruktur layihələrinin fəlsəfəsində dayanır.

Planın icrası: mümkün ssenarilər

Trampın planı dəqiq işlənmiş yol xəritəsi təsiri bağışlayır, amma uğuru bir çox amillərdən asılıdır. Mütəxəssislər üç əsas ssenarini ön plana çəkirlər.

1. Nikbin ssenari. İsrail və fələstinlilər əsas şərtlərə razılaşır, HƏMASın böyük hissəsi silahı təhvil verir, ərəb ölkələri zəmanətçi olur. Bu halda artıq 2026-cı ilin sonuna Qəzzada geniş bərpa işləri başlaya bilər, Beynəlxalq sabitləşdirmə qüvvələri isə regionun daimi arxitekturasına çevrilə bilər. Dünya Bankının proqnozuna görə, belə şəraitdə Qəzzanın ÜDM-i illik 15–20 faiz arta bilər və işsizlik tədricən azalacaq.

2. Realist ssenari. Plan yalnız qismən həyata keçir: əsirlər azad edilir, İsrail qoşunları çıxır, amma HƏMAS gizli strukturlarını və təsirini qoruyub saxlayır. Bu halda Qəzza humanitar yardım alacaq, amma təhlükəsizlik sabit olmayacaq. Beynəlxalq qüvvələr radikallarla daimi toqquşmalara cəlb olunacaq. Bu ssenari əslində 2006-cı ildən sonrakı Livan təcrübəsini təkrarlayır: “Hizbullah” formal olaraq geri çəkilsə də, hərbi gücünü saxladı.

3. Bədbin ssenari. HƏMAS şərtləri yerinə yetirməkdən imtina edir, İsrail danışıqlardan çıxır, ərəb ölkələri isə sadəcə bəyanatlarla kifayətlənir. Bu halda müharibə yenidən başlayacaq, amma artıq beynəlxalq ictimaiyyətin sülh gözləntiləri puç olduğu şəraitdə. Belə bir durumda İsrail daha güclü diplomatik təzyiqlə üzləşəcək, Tramp isə ikinci prezidentlik müddətinin ən böyük xarici siyasət təşəbbüsünün iflası ilə qarşılaşacaq.

İsrail üçün nəticələr

Trampın planı İsrail üçün hər şeydən əvvəl münaqişədən açıq təslimiyyət görüntüsü olmadan çıxmaq imkanıdır. O, əsirləri azad etməyə, ordunu geri çəkməyə və Qəzzaya nəzarəti beynəlxalq qüvvələrə ötürməyə şərait yaradır.

Amma israilli sağçılar bunu təhlükə kimi görür: HƏMAS tam məhv edilmədən hər hansı çıxış cəmiyyətin bir hissəsi tərəfindən məğlubiyyət kimi qəbul ediləcək. Bu isə Netanyahunun koalisiyasında siyasi böhrana səbəb ola, yeni seçkiləri yaxınlaşdıra bilər.

Uzunmüddətli perspektivdə İsrail yalnız o halda qazanclı çıxacaq ki, beynəlxalq qüvvələr sektoru real şəkildə nəzarətdə saxlaya bilsin. Əks halda, bir neçə ildən sonra HƏMAS geri dönərsə, bu gün verilən güzəştlərin qiyməti İsrail cəmiyyətində qəbuledilməz sayılacaq.

Fələstin üçün nəticələr

Trampın planı fələstinlilərin qarşısında iki yol açır. Birinci yol - işlək infrastrukturun yaradılması və dövlətçiliyə doğru tədricən irəliləyiş. Rəsmi müstəqillik yaxın illərdə tanınmasa belə, Qəzzanın bərpası və Qərb sahili ilə inteqrasiya vahid siyasi strukturun təməlini qoya bilər. İkinci yol isə daxili parçalanmadır. HƏMAS yoxa çıxmayacaq və müvəqqəti administrasiyanı zəiflətməyə çalışacaq. Bu halda fələstin cəmiyyəti daimi “ikili hakimiyyət” - texnokratlar və gizli radikallar arasında qalıb sıxışa bilər.

Ərəb ölkələrinin rolu

Ərəb dövlətləri uzun fasilədən sonra ilk dəfə sadəcə müşahidəçi yox, sülhün zəmanətçisi kimi çıxış etmək imkanı əldə ediblər. Səudiyyə Ərəbistanı və Misir bölgənin sabitliyində maraqlıdır, çünki Qəzzadakı eskalasiya onların daxili təhlükəsizliyinə də təzyiq yaradır. Türkiyə isə planı diplomatik çəkisini artırmaq şansı kimi görür: Ankara hesab edir ki, fələstinli təhlükəsizlik qüvvələrinin hazırlanmasında əsas rol məhz ona məxsusdur. Qətər üçün bu, vasitəçi statusunu möhkəmləndirmək imkanıdır, BƏƏ üçünsə milyardlıq infrastruktur layihələrində iştirak edərək həm iqtisadi, həm də siyasi dividendlər qazanmaq şansı.

Beynəlxalq kontekst

Dünya Trampın planına praqmatik yanaşır.
– Aİ iştirak etməyə hazırdır, amma BMT-nin rolunun saxlanılmasında israr edir.
– Rusiya və İran ABŞ-ın güclənməsini təhlükə sayır və təşəbbüsü sabotaj etməyə çalışacaq.
– Çin isə gözləmə mövqeyindədir: infrastruktur bərpasına qatılmaq istədiyini bildirir, amma təhlükəsizlik məsələlərinə qarışmaq niyyətində deyil.

ABŞ üçün uğur planı Trampın ən böyük xarici siyasət nailiyyətinə çevirə bilər. Uğursuzluq isə regionda Amerika vasitəçiliyinə inamın itirilməsi demək olacaq.

Proqnoz: sonra nə olacaq?

Yaxın aylarda əsas məsələ əsirlərin taleyi olacaq. Əgər saziş qəbul ediləndən sonra 72 saat ərzində əsirlər azad edilərsə, bu prosesə etimad yaradacaq və humanitar yardımın önünü açacaq. Əks halda, yəni HƏMAS prosesi uzatsa, İsrail hərbi əməliyyatları bərpa etmək üçün əsas əldə edəcək. Mütəxəssislərin fikrincə, planın ilk həftələri həlledici olacaq.

Azərbaycan baxımından bu sənəd xüsusi maraq doğurur. Çünki o, təhlükəsizlik, humanitar bərpa və iqtisadi inkişafın vəhdətini təklif edir - bu, Bakının münaqişələrin həllinə dair öz yanaşmasına tam uyğun gəlir. Bundan əlavə, regional ölkələrin iştirakı sənədi təkcə Qərbə bağlı layihələrdən daha dayanıqlı edir.

Yeni oyun qaydaları

Trampın Qəzza planı sadəcə Ağ Evin möhürü ilə təqdim olunmuş növbəti kağız parçası deyil. Bu, Yaxın Şərq münaqişəsinin köhnə, paslanmış qəliblərini sındırmaq və parçalanmış toxumasını yeni qaydalarla toxumaq cəhdidir. Əgər BMT onilliklər boyu başqalarının vədlərinin “notariusu” rolunda çıxış edirdisə, Vaşinqton bu gün Qəzzanı yeni dünya nizamının laboratoriyasına çevirməyi təklif edir - sərt, praqmatik, amma nəticə gətirə biləcək bir model kimi.

Bu ideya sanki şahmat taxtasını köhnə oyunun hüdudlarından çıxarıb yeni meydançada fiqurları yenidən düzmək kimidir. ABŞ təkcə humanitar dəhliz deyil, beynəlxalq qüvvələrin nəzarəti altında siyasi transformasiya təklif edir. Burada hər ton sement, hər meqavat enerji hakimiyyətin quruluşunda dəyişikliklə birbaşa bağlı olacaq.

Əlbəttə, risklər çoxdur. HƏMAS silinə bilən bir kölgə deyil. İsrailin daxili siyasəti ultra-sağçıların təzyiqi altında çökə bilər. Ərəb paytaxtları isə sonsuz donorluqdan yorula bilər. Amma tarixdə həmişə elə məqamlar olub ki, ideyanın özü - onun cəsarəti - dəyişimin mühərrikinə çevrilib.

Əgər bu plan heç olmasa yarımçıq həyata keçsə, Qəzza ümidlərin məzarlığından çıxaraq, dünyanın ən qaranlıq guşələrində belə yeni məntiqin mümkün olduğunu göstərən simvola çevriləcək. Müharibə və blokada məntiqi yox, sərt şərtlərlə olsa da, anlaşma və kompromis məntiqi.

Əsas intriqa da budur: biz elə bir ərəfədəyik ki, Yaxın Şərq onilliklərdən sonra ilk dəfə “müharibə - atəşkəs - müharibə” dövrəsini qıra bilər. İyirmi bəndlik plan hələ zəmanət deyil, amma regionun səkkiz əsas oyunçusu artıq bir qapını aralayıb. İndi sual budur: dünya həmin qapıdan keçməyə cəsarət edəcəkmi, yoxsa Qəzzanı yenidən çıxışsızlığın simvolu kimi qaranlıqda qoyacaq?

Tarix paradoksları sevir. Ola bilsin ki, məhz Qəzzanın xarabalıqlarında yeni beynəlxalq nizamın modeli doğulur. Sual yalnız budur: dünya bu ideyanı sona çatdıracaq qədər cəsarətli olacaqmı?(BakuNetwork)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.