Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Sonuncuya tibb işçiləri tərəfindən yardım göstərilməsinə baxmayaraq o, aldığı xəsarətdən xəstəxanada ölüb.Senzor.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılıb və hərəkət etməsinin qarşısı alınmaqla saxlanılıb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.