
Pakistanın Baş naziri Şahbaz Şərif İranın İslamabadda səfərdə olan xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Tərəflər iki ölkə arasındakı münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Pakistanın Baş naziri iki ölkə rəhbərliyinin ikitərəfli əlaqələri gücləndirməyə davam etmək əzmini vurğulayıb, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlarda koordinasiya və əməkdaşlığın inkişaf etdiriləcəyini bildirib. O, bu prosesin iki ölkənin maraqları naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.
İranın XİN rəhbəri qonşularla, xüsusən də Pakistanla münasibətlərin inkişafının prioritet olduğunu qeyd edərək bu ölkənin Tehranın xarici siyasətində mühüm yer tutduğunu və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Əraqçi, həmçinin müharibənin dayandırılmasına, atəşkəs rejiminə nail olunmasına yönəlmiş səylərinə və danışıqların təşkilinə göstərdiyi dəstəyə görə Pakistan rəhbərliyinə təşəkkür edib.
Bu arada Pakistanın Baş naziri Şahbaz Şərif İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü barədə sosial şəbəkədə paylaşım edib. O, “X”dəki paylaşımında yazıb: "Bu gün İslamabadda İranın xarici işlər naziri Zati-aliləri Seyid Abbas Əraqçi və onun nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Regiondakı mövcud vəziyyətlə bağlı çox səmimi söhbətimiz oldu. Həmçinin Pakistan və İran arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik".