
Musavat.com bir az əvvəl TV Musavat-ın efirində Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində baş verən dava ilə bağlı xüsusi açıqlama və nisbətən geniş video-epizod yayıb.
Açıqlamada xatırladılır ki, hazırda ölkə mediası və sosial şəbəkələr sabiq Baş nazir Pənah Hüseynlə tanınmış tele-jurnalist, siyasi şərhçi Tofiq Abbasovun TV Musavat efirində əlbəyaxa davası haqqında yazır, danışır, 40 saniyəlik son görüntüləri paylaşır və məhz bu qısa görüntülər əsasında da mühakimə yürüdürlər.
Sayt bildirir ki, əslində isə hadisəni tam anlamaq üçün o toqquşmaya gətirən son 267 saniyəni tam izləmək lazımdır və öz oxucularına, eləcə də ictimai rəyə bu imkanı yaradır.
"Dərin təhlil" verilişinin son 4 dəqiqə 27 saniyəsi - dava ilə nəticələnən sonluq məhz indi təqdim olunduğu kimi cərəyan edib.
Sayt onu da vurğulayıb ki, yayılan söz -söhbətləri, iddia və qınaqları bir məcraya salmaq üçün bu addıma məcbur olub: “Buyurun, baxın, qərar və qənaət imkanlarınız geniş olsun...”.
Sayt onu da xatırladır ki, verilişdə iqtidarı Milli Məclisin komitə sədri, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı rəhbəri Səməd Seyidov təmsil edib.
**21:58 (22.02.2022)
“Yeni Müsavat”ın efirində Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb.
Senzor.az bildirir ki, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasovun, verilişdə olan digər qonaq - deputat Səməd Seyidovun adını çəkərkən “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə proqramın üçüncü qonağı, keçmiş Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn replika ilə müdaxilə edib.
“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Bundan qaynaqlanan mübahisə təhqirə keçib və sonda əlbəyaxa dava ilə nəticələnib.
Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.
Sözügedən görüntüləri təqdim edirik: