İlham Əliyevlə Marqarita Simonyan arasında sərt dialoq - SÖHBƏTƏ MEHRİBAN ƏLİYEVA DA MÜDAXİLƏ ETDİ
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə erməni əsilli jurnalist marqarita Simonyanla maraqlı dialoqu olub. Söhbətə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da müdaxilə edib.

Senzor.az görüşün həmin hissəsində deyilənləri bir daha təqdim edir:

Marqarita Simonyan, “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru: İlham Heydər oğlu, biz yeni-yeni sanksiyaların, o cümlədən personal sanksiyaların müzakirə olunduğu prosesdəyik, burada iştirak edənlərin bəzilərinin, məsələn Dmitrinin Avropaya girişi artıq qadağan edilib, mənim kimi bəzilərinə isə yəqin ki, bu gün qadağan ediləcək. Biz insanların nəyi isə etdiklərinə və ya etmədiklərinə görə, yaxud Dmitri ilə mənim kimi nəyi isə dediyimizə və ya demədiyimizə görə harayasa getməyin qadağan edilməsinə dair çox nümunə gətirə bilərik. Biz, həmçinin vətəndaşlıq əsasında ölkəyə girişə qadağa qoyulmasına dair çox nümunə göstərə bilərik, çünki müxtəlif ölkələr arasında münasibətlər müxtəlif olur. Lakin dünyada etnik əlamətinə görə ölkəyə girişə qadağa qoyulmasına aid nümunələr demək olar ki, yoxdur. Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Beləliklə Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu cəfəng status-kvonu, sadəcə, ləğv etmək istəməzdinizmi?

Prezident İlham Əliyev:
Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar.
Marqarita Simonyan: Mən bu əhvalatı bilirəm.

Prezident İlham Əliyev: Bax, görürsünüz. Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.

Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir. Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib.

Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur. Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur.
Marqarita Simonyan: Siz dediniz ki, mənim sualımda qərəzlilik var. İnanın, qərəzlilik yoxdur. Sizin dediyiniz halları mən bilirəm. Siz deyirsiniz ki, hər halda bunlar xüsusi hallardır. Onlar ölkənin Prezidentinə məlumdur – idman tədbirləri, siyasi, ictimai tədbirlər. Amma, məsələn, mənim bu sistemdə işlədiyim 20 il ərzində heç kəs oraya erməni soyadlı səs rejissorunun da daxil olduğu çəkiliş qrupu göndərə bilməyib. Əgər indi belə deyilsə, Siz erməni soyadlı məni dəvət edirsinizsə, bəlkə mən özümlə daha bir neçə həmkarımı götürüm, onlar məmnuniyyətlə gələrdilər. Mən Sizi düz başa düşdümsə, belə hallarda, əgər biz oraya qrup şəklində gəliriksə, müraciət etmək olar?

Prezident İlham Əliyev: Bəli.

Mixail Qusman: Bu, o demək deyil ki, Marqaritanın başçılıq etdiyi qrupda işləyənlərin hamısı ermənidir. Xeyr, bu, o demək deyil.

Prezident İlham Əliyev: Amma mən fikirləşirəm ki, onların əksəriyyəti ermənilərdir.

Marqarita Simonyan: Siz yanılırsınız.

Prezident İlham Əliyev: Siz də indicə yanıldınız.

Marqarita Simonyan: Mənim 6 min işçim var. Onların əksəriyyəti ingilis və amerikalıdır. Mən düz başa düşürəmmi ki, biz oraya gələ bilərik. İlham Heydər oğlu, mənim beşinci nəslim rusiyalıdır.

Prezident İlham Əliyev: Bəli, lakin mən belə başa düşdüm ki, siz indiki halda erməni kimi sual verdiniz.

Marqarita Simonyan: Mən öz əməkdaşlarını yalnız etnik əlamətə görə iki ölkəyə - erməni soyadlı insanları Azərbaycana və gürcü soyadlı insanları Abxaziyaya göndərə bilməməklə üzləşən təşkilatın rəhbəri kimi sual verdim. Sadəcə, mənə elə gəlir ki, müasir dünyada bu, düzgün deyil və indi Sizinlə söhbətimizdə hansısa etnik səviyyəyə keçməyimiz də düzgün deyil.

Prezident İlham Əliyev: Siz başladınız, mən, sadəcə, düzəliş vermək istədim, dedim ki, sizin dediyiniz düz deyil. Mən yüzlərlə belə misal göstərə bilərəm, erməni soyadlı insanlar həm çəkiliş qrupunun tərkibində, həm rəsmi nümayəndə heyətlərinin tərkibində, o cümlədən Rusiyadan, digər ölkələrdən – Fransadan, ABŞ-dan gəlirlər. Belə hallar çox olub, sadəcə, yəqin bu barədə sizin məlumatınız yoxdur. Lakin düşünürəm ki, siz öz qrupunuzla gəlsəniz, bunu yəqin edərsiniz.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: Olarmı, mən Marqaritanın dediklərinə bir az əlavə edim.
Prezident İlham Əliyev: Əlbəttə, olar.

Mehriban Əliyeva: Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur. Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var. Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, - indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, - Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar... Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriyyət təşkil edirdi, - yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik. Hesab edirəm ki, bu məziyyət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var.

Marqarita Simonyan: Sizinlə bir sinifdə oxuyan ermənilər yəqin ki, artıq Azərbaycanda yaşamırlar, onlar gələ bilərlərmi? Mən bunu soruşuram. İndi mən tarixə varmaq istəmirəm.

Mehriban Əliyeva: Əlbəttə, Marqarita, gələ bilərlər…





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.