
İranın Kərəc şəhərində tikintisi davam edən və Yaxın Şərqin ən hündür körpülərindən biri olan Kərəc körpüsü ABŞ və İsrail qüvvələri tərəfindən iki dəfə raketlə vurulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tehranla Kərəci birləşdirməli olan və tikintisi son mərhələdə olan körpü ciddi zərər görüb.
İkinci zərbə xilasedicilər hadisə yerində yardım göstərərkən baş verib.
İranın Əlborz əyalətinin qubernator müavini Qodratullah Seyfi bildirib ki, bu dəhşətli cinayət nəticəsində Əlborzun Biləkan kəndindən olan sakinlərdən, təbiət günündə ərazidə olan sərnişinlərdən və onların ailə üzvərindən 8 nəfər həlak olub, daha 95 nəfər isə yaralanıb.
ABŞ Prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, “İranda ən böyük körpü artıq yoxdur və bundan sonra daha çox şey olacaq. İran gec olmadan razılaşma əldə etməlidir”, – deyə qeyd edib.
Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb ki, ABŞ və İsrailin körpülərə və digər mülki infrastrukturlara endirdiyi zərbələr iranlıları təslim olmağa məcbur etməyəcək. Əraqçi vurğulayıb ki, bu hərəkətlər yalnız düşmənin nüfuzuna mənfi təsir göstərir: "Bu, yalnız istiqamətini itirmiş düşmənin məğlubiyyətini və mənəvi çöküşünü göstərir. Hər bir körpü və bina əvvəlkindən daha güclü şəkildə yenidən qurulacaq. Heç vaxt bərpa olunmayacaq şey Amerikanın itirilən nüfuzudur".