
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın NATO üzvlüyü ilə bağlı mövqeyinin, məsələ ətrafında ritorikanın həddindən artıq gərginləşdirdiyini bildirib.
“Teleqraf” xəbər verir ki, o, ziddiyyətli bəyanatlar əvəzinə sabitlik naminə birgə işləməyə çağırıb.
“Əgər hər gün öhdəliklərinizi şübhə altına alırsınızsa, bunlar öz mənasını itirəcək. Biz ittifaqa qoşulanda üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirirsiniz, hər səhər onları yenidən nəzərdən keçirmirsiniz və ya nə edib-etməyəcəyinizi bəyan etmirsiniz.
Mən hər açıqlamaya ayrıca şərh vermək niyyətində deyiləm. Məncə, bu barədə həddindən artıq çox danışılır və çoxlu ziddiyyətli fikirlər səsləndirilir”, - Makron deyib.
Fransa Prezidenti vurğulayıb ki, ciddi olmaq istəyən tərəf hər gün əvvəlki sözlərinin əksini deməməlidir: “Bəlkə də hər gün danışmaq yox, sadəcə hərəkət etmək, gərginliyi azaltmaq və davamlı sülh qurmaq lazımdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun, müttəfiq dövlətlərin İrana qarşı hərbi əməliyyatlarda dəstək verməmələri səbəbindən, Amerikanın NATO-dakı iştirakını nəzərdən keçirə biləcəyini bəyan etmişdi.