“Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirik”.Senzor.az bildirir ki, bunu jurnallistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.
Prezidentin köməkçisi onu da bildirib ki, səfirlik tərəfindən Ukraynada yaşayan azərbaycanlılarla mütəmadi təmaslar saxlanılır: “Hazırda obyektiv vəziyyət odur ki, Ukraynanın hava məkanı beynəlxalq uçuşlar üçün bağlanıb. Ona görə də ehtiyacı olan Azərbaycan vətəndaşlarının avtobuslarla tərəfdaş, dost ölkələrlə birlikdə Ukraynanın qonşuluğunda yerləşən ölkələrin ərazisinə aparılması, oradan Azərbaycana gətirilməsi imkanları üzərində iş aparılır. Bu istiqamətlərdən biri də Moldovadır. Bir neçə Azərbaycan vətəndaşının Moldovaya gətirilməsi istiqamətində addımlar atılıb. Bununla bərabər, Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyimizlə birlikdə bu ölkədəki vətəndaşlarımıza öncədən müvafiq təhlükəsizlik qeydlərini çatdırıb ki, vətəndaşlarımıza Ukraynanın rəsmi qurumlarının təhlükəsizliklə əlaqədar müəyyən etdikləri qaydalara riayət etsinlər, müəyyən edilmiş ərazilərdə olsunlar, hərbi əməliyyatların aparıldığı, hərbi obyektlərin olduğu ərazilərdən uzaq dursunlar”.