ABŞ hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskiyə irəliləyən Rusiya qüvvələri tərəfindən tutulmamaq və ya öldürülməmək üçün Kiyevi tərk etməyə kömək etməyə hazır olduğunu çatdırıb. Amma Prezident bu təklifi qəbul etməyib.Senzor.az bildirir ki, məlumatı “Washington Post” yayıb.
Nəşr Ukrayna və ABŞ rəsmilərinə istinadən bildirib ki, Rusiya ordusu cümə günü hücumlarını artırarkən, Zelenski ciddi şəxsi risklərə baxmayaraq, hökumətinə rəhbərlik etməyə davam edib: “Bizdə olan məlumata görə, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf kimi seçib”.
O, səhər tezdən ukraynalılara müraciətində deyib: “Düşmənlər dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən çökdürmək istəyirlər”.
Canlı yayıma öz telefonu ilə çıxan dövlət başçısı hərbçiləri silahı yerə qoymağa və təslim olmağa çağırdığı barədə məlumatı da təkzib edib və bunun kimi saxta xəbərlərə inanmamağa çağırıb.
“Mən buradayam, heç yerə getmirəm, təslim olmayacağıq”, - deyə o vurğulayıb.