Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.Senzor.az bildirir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin şənbə günü (26 fevral) axşam baş tutan danışıqlarından sonra məlumat yayıb.
Qeyd olunub ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər: “Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.
**18:34(26.02.2022)
Rusiyanın SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılmasına qərar verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
“Qərar hələ rəsmiləşdirilməyib, lakin qərarın qəbul edilməsi və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna Prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər.
Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusən də Ukrayna diasporuna təşəkkür edirəm. Ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər”, - deyə o əlavə edib.