“Ukraynanın paytaxtı Kiyev şəhərində Kremlin tapşırığı ilə 400 muzdlu fəaliyyət göstərir”.“The Times” nəşrinin yaydığı məlumatda belə deyilir.
Nəşr iddia edir ki, onlara Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.
Bildirilir ki, “Vaqner” qrupu beş həftə əvvəl Afrikadan muzdlu əsgərləri böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətini məhv etmək missiyası ilə Ukraynaya göndərib. Missiya ilə bağlı məlumat şənbə günü səhər Ukrayna hökumətinə daxil olub və bir neçə saat sonra Kiyev şəhərini rus diversantlarından təmizləmək üçün 36 saatlıq komendant saatı elan edilib.
Şəhərin meri Vitali Kliçko küçəyə çıxmaq istəyən yerli sakinlərə xəbərdarlıq da edib. Onun sözlərinə görə, küçəyə çıxacaq hər kəs təxribatçı hesab olunacaq və həmin şəxslərin öldürülmək riski var.
Xatırladaq ki, hazırda Mərkəzi Afrika bölgəsində Rusiya dəstəkli “Vaqner” qruplaşmasının muzdluları fəaliyyət göstərir. Onlar Liviya, Suriya kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.