
İran hakimiyyəti Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib.
Bu barədə İran KİV-i Təhlükəsizlik Şurasına istinadla məlumat yayıb.
Qeyd olunub ki, Əli Laricani səhər saatlarında baş verən hücumda oğlu Murtəza, müavini Əlirza Beyat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçisi ilə birlikdə öldürülüb. Vida mərasimi martın 18-də keçiriləcək.
İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünə görə sərt qisas alınacağına söz verib.
Qeyd edək ki, martın 17-də İsrailin müdafiə naziri İsrael Katz Laricaninin İrana hava hücumu nəticəsində öldüyünü açıqlamışdı. Bunun ardınca İran Milli Təhlükəsizlik Şurası katibinin Teleqram kanalında ABŞ sualtı gəmisi tərəfindən İrana məxsus “İRİS Dena” freqatının batması nəticəsində həlak olan iranlı dənizçilərlə vida mərasimi öncəsi Laricaninin əlyazmasının fotosu yayılmışdı.