
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə Qafqaz Tibb Mərkəzində keşiş Şio rəsmi məlumat verib. Xatırladıb ki, Patriarx mədə qanaxması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, II İliya 1977-ci il dekabrın 23-də Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib.
II İlyanın xeyir-duası ilə müasir gürcü dilində Müqəddəs Kitab, ilahiyyat topluları, broşürlər, kitablar, jurnallar və üç növ təqvim nəşr olunub, qəzetlər təsis edilib.
1988-ci ildə II İlyanın rəhbərliyi altında Mtsxeta İlahiyyat Seminariyası Tbilisiyə köçürülüb və Tbilisi İlahiyyat Akademiyası-Seminariyası yaradılıb, Gürcüstanın müxtəlif yerlərində ilahiyyat məktəbləri açılıb.
Əsrlər boyu kilsənin himayəsi altında Gelati İlahiyyat Akademiyası və Gelati Elmlər Akademiyası yenidən qurulub. İyirmi il ərzində Gürcü Kilsəsinin yeparxiyalarının sayı 15-dən 33-ə, monastırların sayı 53-ə, ruhanilərin sayı isə 1000-ə çatdırılıb. Müqəddəs Üçlük Katedrali tikilib.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bütün Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs II Ilya martın 18-də Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.
**13:18

Səhhətinin pisləşməsi səbəbindən Gürcüstanın Katolikos-Patriarxı II İlya xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, süni nəfəs aparatına qoşulan Patriarx həkimlərin nəzarəti altındadır.
Məlumata görə, II İlyanın vəziyyəti ötən gecə ağırlaşıb, o, müayinə olunub və bütün zəruri tibbi prosedurlar həyata keçirilib.
“Səhiyyə işçiləri tərəfindən pasiyentin təhlükəsizliyinin maksimum təmin olunması üçün hər şey edilib. Yaşı və bütün faktorlar nəzərə alınaraq vəziyyət sadə deyil. Hazırda pasiyent intensiv terapiya şöbəsindədir, müşahidə davam edir və həyati vacib bütün parametrlərin mümkün qədər tez sabitləşdirilməsi üçün zəruri tədbirlər görülür. Müşahidə davam etdiriləcək”, – deyə bu ölkənin səhiyyə naziri bildirib.
Xəstəxananın direktoru Sofiya Aspinidze deyib ki, Patriarxın vəziyyəti hazırda stabil olsa da, diqqət tələb edir.
“Pasiyent mədədən güclü qanaxma ilə gətirilib. Onun üzərində müvafiq diaqnostik və müalicəvi prosedurlar aparılıb. Vəziyyət diqqət tələb edir, hemodinamika qeyri-sabitdir”, – deyə o vurğulayıb.
O da bildirilib ki, Katolikos-Patriarx II İlyanın yaşı nəzərə alınaraq xaricdən həkimlər cəlb olunması və yaözünün hansısa ölkəyə aparılması nəzərdə tutulmur.
Xatırladaq ki, Gürcüstanın dini liderinin 93 yaşı var.