Sosial şəbəkələrdə Brest vilayətində Belarus ordusuna məxsus texnikanın hərəkəti ilə bağlı kadrlar yayılıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, kolonna Minsk vaxtı ilə 9:54-də M-10 şosesində, Droqiçin yaxınlığında - Pinsk istiqamətində müşahidə edilib.
Məlumata görə bu, Belarus Respublikası Silahlı Qüvvələrinin 38-ci artilleriya briqadasıdır. Maşınların üzərində identifikasiya nişanı - qırmızı düzbucaqlı nəzərdən yayınmayıb.
Sosial şəbəkələrdə onların hara doğru hərəkət etməsi sual doğurub.
Bir az əvvəl isə məsələ ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Belarus Silahlı Qüvvələrinin 38-ci briqadası Ukrayna-Belarus sərhədinin meşəlik ərazisinə yerləşdirilib.
“Əldə edilən məlumata görə, hərbi hissənin komandanlığı Ukrayna ilə sərhədi keçmək barədə əmr alıb. Desantların mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Zabit və əsgərlər rus muzdluları rolunu oynamaq istəmirlər. Müqavilə müddəti may ayında başa çatan hərbçilərin əksəriyyəti müqavilələrinə xitam verilməsinin tərəfdarı idi”, - Baş Qərargahın məlumatında deyilir.