“NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamağa qərar verdi. Bu gündən etibarən ölənlərin hamısının səbəbkarı siz olacaqsınız”.Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun qərarını şərh edərkən deyib.
Ukrayna Prezidenti təəssüflə qeyd edib ki, NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu qərar verdi: “Biz inanırıq - NATO ölkələri özləri belə bir rəvayət uydurublar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq.
Bu, bizdən qat-qat güclü silahlara sahib olsalar da, zəif, daxilən etibarsız olanların özünü hipnozudur. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən həlak olan bütün insanlar da sizin ucbatınızdan, sizin zəifliyinizdən, parçalanmışlığınızdan öləcəklər”.
Onun sözlərinə görə, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir.
"Görünür, Budapeşt Memorandumunu yandırmaq üçün ki, daha yaxşı yansın. Amma bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu?
Siz səmanı bağlaya bilərdiniz. Amma...Bilmirəm, siz kimi isə və öz ölkələrinizi - Alyans ölkələrini qoruya bilirsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, - dövlət başçısı vurğulayıb.
Zelenski bununla yanaşı, Ukraynanın NATO-dakı dostlarına minnətdarlığını da bildirib: "Orada çoxlu dostlarımız, tərəfdaşlarımız var, çoxu güclü tərəfdaşlardır. Dövlətimizə, nə olursa-olsun, kömək edənlər. İşğalın ilk günündən. Və əminəm - qələbəyə qədər. Biz mübarizəmizi davam etdiririk. Biz ölkəmizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik. Qəhrəmanlarımıza təşəkkürlər”.