Belarusun Qomel, Mozır və Narovlya şəhərlərinin morqları Uukraynada öldürülən Rusiya hərbçilərinin meyitləri ilə doludur. Bu barədə “Azadlıq radiosu”nun Belarus xidməti məlumat yayıb.
Qeyd olunur ki, Belarusun tibb işçiləri Rusiya hərbçilərinin meyitləri və yaralılar haqda informasiyaları yaymamaq barədə öhdəlik imzalayıblar, bəzi hallarda onları işdən çıxarmaqla hədələyiblər. Ötən həftə Mozır şəhərinin dəmir yol stansiyasında “Rusiya Dəmir Yolları” QSC-nin yük qatarına çoxlu meyit yüklənib.
“Meyitlər ağlasığmaz dərəcədə çox idi. Mozır stansiyasında olan adamlar qatara yüklənən meyitlərin miqdarını görəndə sadəcə olaraq şoka düşüblər. İnsanlar video çəkməyə başlayıblar, amma hərbçilər onları qovublar və telefonlarını əllərindən alaraq videoları sildiriblər. Mozır ətrafındakı Kamenka kəndinin qəbiristanlığını isə əhatəyə alıblar, ora heç kimi buraxmırlar, mühafizə qoyublar”,-Mozır sakini adının açıqlanmaması şərtilə deyib.
Digər şəxslər isə jurnalistlərə deyiblər ki, Mozır hospitalı hələ də yaralı Rusiya hərbçiləri ilə doludur, yerli sakinlərə şəhər xəstəxanalarında xidmət göstərilməsi məhdudlaşdırılıb. Çünki hər yerdə yaralılar saxlanılır.
Qomel sakinləri isə bildiriblər ki, yaralı Rusiya hərbçilərini bu şəhərə avtobuslarla daşıyır, meyitləri isə yük maşınları ilə gətirirlər. “Onların meyitlərini “Ural” maşınlarında gətirir, buradan Rusiyaya yola salırlar”, - sakin vurğulayıb...