Dünyanın bir hissəsi odlu-alovlu KƏLƏF içindədir. Doğrudanmı bu gün baş verənlər ABŞ-ı idarə edən 13 ailənin SSENARİSİ üzrə davam edir? Axı ağlı başında olan heç bir kəs dinindən, irqindən dilindən, millətindən asılı olmayaraq günahsız İNSANLARIN ölümünə sevinə bilməz!...Vaxtilə Dünya uşaq oyuncaqlarının içinə partlayıcı maddələr qoyub badamgözlu koreyalı, vyetnamlı körpələrə təyyarədən "hədiyyə” kimi atan Amerikanın necə rəhmsiz olduğuna şahid olmuşdu.
Bu ilin iyulunda ABŞ-ın 246 yaşı tamam olacaq! Yarandığı gündən bəri təqribən irili-xırdalı 215 müharibə aparıb, insan qanı tökməyə əyləncə kimi baxıb. Dilində sülh, demokratiya şüarı, əməlində hegemonçuluq, qoşuluq, cahangirlik iddiası olub... Dünyanın yarısı oksigendən çox ABŞ-ın üzərində "mütləq gücün simvolu” olan əskinasları ilə nəfəs alıb; həm əsgər qiyafəli dolları, həm də uniforması dollara bənzəyən əsgərləri öz sərhədlərindən uzaq ölkələrdə “meydan” sulayır... Dolların üstündə "IN GOD WE TRUST” – "Biz Allaha inanırıq” yazdırsa da, Ağ EVin sözdə mələk, işdə kələk sahibləri Şeytana qulluq ediblər. Kimi dolların üzərində Mason Lojasının, kimi isə satanizmin simvollarının həkk olunduğunu deyir. NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, hətta Ümumdünya Səhiyyə Təşkilatı və s. qurumlar kimi BMT də ABŞ-ın diktəsi ilə fəaliyyət göstərir... Hollivudun savaş filmləri belə öz məzmununu Ağ Evin siyasətindən götürür...
ABŞ yeganə dövlət olaraq 30 il ərzində Qarabağda Azərbaycanın tarixi və dini abidələrini darmadağın edən qondarma "Dağlıq Qarabağ Respublikası"na maliyyə dəstəyi göstərdi...
...XX əsrin 70 ilini özu kimi mürəkkəb söz birləşmələrindən əmələ gələn SSRİ adlı "Qırmızı Qoç”la paylaşsa da, XXI əsrə rəqibsiz qədəm qoyduğunu zənn edirdi. Fəqət, özünü Sovet İttifaqının "varisi” kimi aparan Rusiya ABŞ-ın çaldığı havalara oynamaq istəmədi. O da Amerika və Yezuit ordenli Roma Papası kimi dünyanın bir hissəsinə AĞALIQ iddiasından əl çəkmədi... ABŞ “ayaq” qoyan yerə Rusiya “baş” qoyur.
...Bu gün ABŞ üçün təhlükəli ölkələr syahısında ilk yeri Rusiya və Çin tutur... ABŞ hələ də özünü zamanın hökmranı, siyasət arenasının FATEHİ kimi aparır. Dünyanın sehrli açarının AĞ EVin əlində olduğunu zənn edir. Fəqət ABŞ-ın sehrli dirijor çubuğu ilə indi qəmli matəm marşları təkcə Şərqdə deyil, Qərbdə -Şərqi Avropada da çalınır. ABŞ-ın NATO vasitəsi ilə Rusiyaya “yaxınlaşması” hansı maraqlardan irəli gəlirdi?
Bu gün Rusiya - Ukrayna savaşında 100-ə yaxın, bəlkə də 100-dən də çox xalqın əli silahlı adamları vuruşur. Qaçqınların sayı milyonları ötür. Bəşəriyyət min bir yerdən ÇAT verib, Dünya iqtisadiyyatı çökür... Bu, artıq 3-cü CAHAN savaşının başlanmasına rəvac verir...
Fələstin, Əfqanıstan, İraq, Misir, Liviya, Yəmən, Suriya… Mədain xərabələri kimi daş qəfəsəyə – skeletə bənzəyən Şərq ölkələri kimi UKRAYNA da dağılır... Müharibə gedən şəhərlərdən QAÇQINLARIN Polşaya, Rumıniyaya, Türkiyəyə və s. ölkələrə üz tutması... Qərinələr boyu tikilən mədəni abidələrin məhv edilməsi və s. Qərblə NATO müharibənin uzadılmasını istəsələr də, güya ONUN coğrafiyasının genişlənməsini istəmirlər... Müharibəni qızışdıran, məsum uşaqların qətlə yetirilməsinə laqeyd qalan ADAMİN damarlarında insan qanı yox , iblis qanı axır...
Görəsən Bismark niyə "... Rus ayısını mağaradan çıxarmağın 100 yolunu bilirəm, amma onu mağaraya necə geri göndərəcəyimi bilmirəm” demişdi?
Yaxud həyatının son illərində Lenin təriqətə olan heyranlığını dilə gətirəndə niyə "Əgər mənim Yezuitlər Ordenindəki kimi başladığı mübarizəyə inanan adamlarım olsaydı, bu gün dünyada hakim ideologiya kommunizm olardı...” fikrini söyləmişdi? Bəlkə dünyaya ağalıq hissi və Şərqin neftinə “məcnunluğu” ABŞ-ı, Böyük Pyotrun vəsiyyətləri Rusiyanı, Yezuitlər Ordeninin üzvü olması Roma Papasını çoxdan Tanrıdan uzaqlaşdırıb?!
Axı bir gülün TİKANINI yox edərkən, KOLUNU kökündən çıxarmaq Təbiətin nizamını pozmaqdır. Axı Allahın bir AHƏNG üstündə köklədiyi bu DÜNYANI kökdən salmaq BƏŞƏRİ cinayətdir...
Nurəddin ƏDİLOĞLU