Belarus Prezidenti Aleksandr Lukaşenko Kiyevin Qərbdən idarə olunduğunu iddia edib. Senzor.az bildirir ki, o, Yaponiyanın TBS telekanalına müsahibəsində "Ukraynada vəziyyət Kiyevdə olan Qərb və ABŞ nümayəndələri tərəfindən idarə olunur" deyib.
“İndi bu mənim qənaətimdir. Bəlkə də səhv edirəm. Orada, birbaşa Kiyevdə müəyyən insanlar, ilk növbədə, cəbhədəki, müharibədəki vəziyyətə nəzarət edirlər. Bütün prosesləri Zelenski idarə etmir, hətta hərbçilərə özünü necə aparmağı məsləhət görən müşavirlər belə bunu etmirlər.
Orada Qərb və ABŞ nümayəndələri Rusiyaya qarşı duraraq hərbi əməliyyatı tamamilə nəzarətə götürüblər. Məncə, onlar Kiyevi rəsmi şəkildə ən müasir silahlarla təmin etmələri ilə yanaşı, hərbi müqavimətə, Ukraynadakı hərbi prosesə də tam cavabdehdirlər”, - deyə Belarus lideri vurğulayıb.
Lukaşenko onu da bildirib ki, müharibəni ABŞ-dan Zelenskiyə edilən zəng dayandıra bilər: “Bu gün müharibəni dayandırmaq üçün Ukrayna rəhbərliyinə BMT, ABŞ, Qərb tərəfindən bir siqnal lazımdır. Bu müharibənin bitməsi üçün güclü siqnal. Və axşama müharibə bitəcək…”.
“Əgər amerikalılar Zelenskinin masasında olan telefona zəng etsələr və desələr ki, “axşama Rusiya ilə müqavilə imzalayıb müharibəni bitirmək lazımdır”, - müharibə axşama bitəcək”, - Lukaşenko qeyd edib.
Eyni zamanda o hesab edir ki, çox güman, ABŞ Prezidenti zəng etməyəcək, çünki Avropada baş verənlər ABŞ-a sərf edir. Lukaşenko vurğulayıb ki, Amerika Ukrayna torpağında sülh yaratmaq mövqeyini tutsa, döyüşlər tez bitəcək.
“Amma bu mövqe indi onlara lazım deyil, bu, onların maraq dairəsində deyil”, - Belarus Prezidenti bəyan edib.