Kremli azərbaycanlı usta Kərəmli tikib? - VİLAYƏT QULİYEV YAZIR
Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Polşada və Macarıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev dünən “Facebook” sosial şəbəkəsində maraqlı bir status paylaşıb. 
Senzor.az həmin statusu təqdim edir.
***
Danışırlar ki, Kremli azərbaycanlı usta tikib.
Tikən də şəklini gördüyünüz bu ağsaqqaldır. Guya ad-soyadı da Əliş Sübhan oğlu Kərəmlidir (Lap Sabit Rəhmanın məşhur Kərəmovu yada düşdü! Hələ yaxşı ki, Əli Kərimli yazmayıblar). Əgər ermənilər deyirlərsə ki, İsa peyğəmbər ermənidir, biz niyə gizlədək ki, Kremli tikmişik?Üstəlik də bunu 525-ci kimi mötəbər bir qəzet yazırsa?
 
Azərbaycanca Vikipediya Əliş usta  üçün babat bir CV də düzəldib. 
Guya 1322-ci ildə Şamaxıda doğulub. 1367-ci il yanvarın 5-də “şaxtalı bir qış səhəri Moskvadan gələn elçilər Şirvanşahların baş darvazasından saraya girib” (ifadələr azərb-ca  Vikipediyadan  götürülüb) knyaz Dmitri Donskoyun məşhur memar Əliş Kərəmlini  təcili Moskvaya çağırdığını xəbər verirlər.
1367-ci il yanvarın 10-da Əliş kişi elçilərə  qoşulub   Moskvaya yola düşür. 
1367-ci il martın 14-də Dmitri Donskoyla müqavilə imzalayıb  martın 25-də Kremli tikməyə başlayır. Dörd ilə işini qurtarır.  Amma Kremlin harasını tikir,  bilən yoxdur.

525-in xanım müəllifi Moskvada taksovatlıq eləyən həmvətənimizin ekspert rəyinə əsasən yazır ki, indi üzərində beşguşəli ulduz işıldayan Vodovzvodkaya qülləsi Əliş ustanın əsəridir. 
Həmin qüllənin 1488-ci ildə italyan memarı Antonio Cilardinin layihəsi əsasında tikildiyi haqda məlumat bütün soraq kitabçalarında var. Uzunömürlülər diyarından olsa da, Əliş usta yəqin bu qədər yaşaya bilməzdi. Amma kim bilir? Azərb. Vikipediyası inşasına 1532-ci ildə başlanan Bağçasaray kompleksinin tikintisini də ona isnad verir. Belə çıxır ki, ağsaqqal bu layihəyə 210 yaşında imza atıb. Nə isə...
Kremlə soyadını verən Əliş ustanın dəqiq maaşı, ünvanı və s.  vikipediyaçılarımıza bəlli imiş – ayda 300 qızıl rubl alırmış, 10 nəfər mühafizəçisi varmış və s. 
Beləcə, Kərəmli qağamız Kremli tikib qurtarır. Amma sonda rus xəyanətinin qurbanı olur. 1371-ci il iyunun 22-də Moskva-Smolensk şossesinin 9-cu km.-də  başqa yerdə də Kreml tikməsin deyə sərxoş bir kazak ustamızı vurub öldürür. 
 
Siz bir tarixlərin dəqiqliyinə baxın!  Sabirin XX əsrin əvvəlində  Şamaxıdan Bakıya hansı ildə gəldiyini bilmirik, amma 650 il bundan əqdəm yaşamış   Əliş ustanın bioqrafiyasını, fəaliyyət qrafikini  ayına, gününə qədər dəqiqləşdirmişik...
Belə-belə işlər!
Sonda onu əlavə etmək qalır ki, rus sovet yazıçısı Sergey Borodinin bir vaxtlar çox məşhurlaşan, tirajı bir milyona çatan  “Dmitri Donskoy” romanı var və  həmin romanda Kreml divarlarının tikintisinə “Шемахинский персианин Алис” kimi təqdim olunan   birisinin rəhbərlik etdiyi təsvir olunur. Özbəkistanın xalq yazıçısı olan Borodinin İran-Turan məsələsində irançılıq mövqeyində dayandığı gizli deyil.  Amma hətta “Şamaxı azərbaycanlısı Əli” də yazsaydı, bu tarixi fakt yox, sadəcə yazıçı təxəyyülünün məhsulu olacaqdı. Çünki bədiiliklə tarixilik tam fərqli anlayışlardır. Təəssüf ki, uzun illərdir ki, məmıəkətimizdə “Kremli tikən Kərəmli” nağılı tirajlanır və bu sadə həqiqətin fərqinə varan yoxdur…
Yaxşısı budur ki, ermənilərlə gülünc miflər yaratmaqda yox,  savaş və siyasət meydanında, idmanda, elm və təhsil sahəsində   rəqabət aparaq.
 
Vilayət QULİYEV
Filologiya elmləri doktoru





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.