
ABŞ Prezidentləri Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüş iki saatdan çox davam edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, müzakirələr mətbuata yekun bəyanat verilmədən başa çatıb. Ukrayna lideri görüşdən dərhal sonra Ağ Evi tərk edib.
Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın bildirdiyinə görə isə görüş əslində 1 saat planlaşdırılıbmış. Amma onun planlaşdırılandan çox çəkməsi Vaşinqtonun Ukrayna ilə əməkdaşlığa göstərdiyi xüsusi diqqəti əks etdirir. Nazir həmçinin vurğulayıb ki, Vladimir Zelenski ilə Co Bayden arasındakı münasibətlər Ukrayna-ABŞ əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə vəsilə olacaq.
"Qrafikdə nəzərdə tutulan 1 saatın yerinə Ukrayna və ABŞ prezidentlərinin söhbəti iki saat davam edib. Prezidentlər münasibətlərimizi yeni səviyyəyə çıxarıblar. Bizim güclü birgə bəyanatımız var və strateji tərəfdaşlıq üzrə yenilənmiş komissiya çərçivəsində onun yerinə yetirilməsi üçün mənim və dövlət katibi Entoni Blinkenin üzərinə xeyli iş düşür", - Kuleba Twitter şərhində yazıb.
ABŞ-ın dövlət katibi Entoni Blinken də bu paylaşıma cavabında Kubelanın fikirlərini dəstəkləyib və ölkəsinin “Ukraynaya işıqlı və çiçəklənən gələcək arzuladığını” vurğulayıb: "Amerika-Ukrayna tərəfdaşlığı həmişəkindən daha güclüdür və biz Ukraynanın işıqlı və çiçəklənən gələcəyinə inanırıq. Əfqanıstanda risk qrupundan insanları evakuasiya etməkdə kömək etdiyinə görə Ukraynaya təşəkkür edirəm”.Yeri gəlmişkən, Baydenlə təkbətək danışıqlardan əvvəl Zelenski jurnalistlərə narahatlığını dilə gətirərək bildirmişdi ki, istədikləri bütün problemləri müzakirə etməyə vaxt tapmayacaqlar.