“Biz indi Qərblə Rusiya arasında qalmışıq”.Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
“Biz bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Qlobal təhlükəsizliyin və dinc ölkənin asayişinin məhv edilməsinə görə bir aydır cəzasızlıq hökm sürür. Bütün bunlar isə dünyanın gözü qarşısında baş verir. NATO bunları başa düşməlidir”, - o bildirib.
“Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma NATO bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”, - deyə ukrayna lideri Alyansdan narazılığını gizlətməyib.
“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki kömək tələblərimizə cavab verilmədi”, - dövlət başçısı vurğulayıb.
Prezident xahiş edib ki, onlara "Bir daha Ukrayna ordusunun NATO standartlarına cavab vermədiyini” deməsinlər: "Hərbçilərimizin xətrinə xahiş edirəm... Artıq bir aydır davam edən belə bir müharibədən sonra... Rusiyaya qarşı müharibədən sonra... Sizdən xahiş edirəm ki, bir daha heç vaxt bizə ordumuzun NATO standartlarına cavab vermədiyini deməyin... Biz standartlarımızın nəyə qadir olduğunu göstərdik. Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə bilərik, göstərdik. Dəyər verdiyimiz hər şeyi təcavüzdən qorumaq üçün nələr edə bilərik, göstərdik".
Zelenskinin sözlərinə görə, NATO hələ Alyansın insanları xilas etmək üçün, dünyada həqiqətən güclü müdafiə ittifaqı olduğunu nümayiş etdirmək üçün nələr edə biləcəyini göstərməyib: "Dünya gözləyir. Ukrayna gözləyir. Real hərəkət gözləyirik. Əsl təhlükəsizlik təminatları... Sözünə güvənməyə dəyər, əməli sülhü qoruya bilənlərdən... Təkliflər masanın üstündədir. Bizim ehtiyaclarımız masanın üstündədir. Bizə dərhal sülh lazımdır. Cavab ancaq sizdədir".