Ukrayna və Rusiya danışıqlar prosesinin altı bəndindən dördü üzrə konsensusa yaxındırlar.Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən - NATO-nun növbədənkənar sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada deyib.
Dövlət başçısı vurğulayıb ki, Ankara ilk gündən Ukraynadakı müharibəyə son qoymaq üçün böyük səylər göstərib.
Ərdoğan bu səylər çərçivəsində bir çox liderlərlə danışıqlar apardığını, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun isə bir neçə dəfə başqa ölkələrdən olan həmkarları ilə görüşdüyünü qeyd edib.
Dövlət başçısı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında Türkiyə tərəfinin səyi ilə Antalyada təşkil olunmuş görüşü də xatırladıb.
Ərdoğan Türkiyənin turizm paytaxtında keçirilən üçtərəfli görüşdən sonra Çavuşoğlunun Moskva və Lvova səfər etdiyini bildirib.
Türkiyə lideri bildirib ki, milli müdafiə naziri Hulusi Akar da həmkarları ilə bir neçə dəfə mövzunu müzakirə edib.
“Təmaslar davam edir. Təbii ki, bütün bunlar Türkiyənin qarant və vasitəçi kimi çıxış edə bilməsinin ən gözəl nümunəsinə çevrilib”, - deyə dövlət başçısı vurğulayıb.
“Düşünürəm ki, danışıqlarda dörd bənd üzrə konsensus var. Birinci məqam Ukraynanın NATO-ya daxil olması ilə bağlıdır. Əvvəlcə Ukrayna Alyansa üzv olmaqda israr edirdi, lakin sonradan Ukrayna Prezidenti Volodimir Zelenski imtinanın mümkünlüyü barədə danışmağa başladı. Digər bir məqam isə Ukraynada rus dilinin rəsmi dil kimi qəbul edilməsi ilə bağlıdır. Zelenski bununla razılaşıb. Rus dilində demək olar ki, bütün Ukraynada danışılır. Bununla bağlı heç bir problem yoxdur”, - deyə dövlət başçısı qeyd edib.
Türkiyə liderinin sözlərinə görə, münaqişə tərəflərinin müzakirə etdiyi digər mühüm mövzu Ukraynanın demilitarizasiyası ilə bağlıdır.
“Əlbəttə, Ukrayna bir dövlətdir, ona görə də A-dan Z-yə tərksilahın qəbul edilməsindən söhbət gedə bilməz. Amma bu məsələdə də aydın olmayan məqamlar yoxdur. Yəni, Ukrayna tərəfi bu məsələdə də müəyyən güzəştlərə gedə biləcəyini bəyan edib. Danışıqların dördüncü bəndi kollektiv təhlükəsizliklə bağlıdır. Ukrayna bu məsələdə də müsbət yanaşma nümayiş etdirib”, - deyə Ərdoğan bildirib.
Bununla belə, Prezidentin sözlərinə görə, Krım və Donbas məsələsində hələ də konsensus yoxdur.
Nəticədə Zelenski Donbasla bağlı referendumun keçirilməsini təklif edib, Ərdoğan bu baxımdan Ukrayna dövlət başçısının müdrikliyini və liderlik keyfiyyətlərini qeyd edib.
Krıma gəlincə, Ərdoğan bildirib ki, Türkiyə əvvəldən açıq və aşkar şəkildə yarımadanın işğalına qarşı çıxıb.
Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə hər söhbətində Ankaranın bu məsələ ilə bağlı mövqeyini şəxsən səsləndirdiyini vurğulayıb.
“Lakin o vaxt Qərbin bu mövzuda indiki kimi dəqiq mövqeyi yox idi. Bütün bunlar bizimlə bu gün baş verdi, çünki Qərb belə bir mövqeni qəbul etmədi”, - Türkiyə lideri əlavə edib.
Senzor.az