Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi artıq başa çatıb. Senzor.az bildirir ki, qurumdan verilən məlumata görə, kompleksin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrin təqdim olunduğunu bildirib.
Amma mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib. Məhz bu-mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İnsanlar evlərin belə qısa vaxtda satılmasının mümkün olmadığını bildirirlər. İddia olunur ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə xüsusi şəxslərə 5-7-10 min civarında satılır.
Onlar qeyd edirlər ki, bir ay müddətində saytın DEMO variantı aktiv olub və ev almaq istəyən şəxslər orada təlim keçiblər ki, prosesi tez zamanda başa çatdırıb ev sahibi olsunlar. Təlim keçənlər də qısa zamanda evlərin alınmasının mümkünsüzlüyünü qeyd edirlər.
Bəs 5 saniyə ərzində bütün prosedurlardan keçib ev almaq mümkündürmü?
Texno-bloger Fərid Pərdəşünas jurnalistlərə açıqlamasında bildirib ki, botlar (avtomatlaşdırılmış komanda) yazmaqla qısa zamanda bunu etmək mümkündür: “İnternetdə bəzi görüntülər yayılıb, onlara aydınlıq gətirilsə, yaxşı olar. Orada insanlar botlardan istifadə edib, DEMO-da məşqlər edirdi. Lakin MİDA deyə bilər ki, "botlara qarşı "Google captcha"dan istifadə edirlər, əgər buradan da keçirsə, o zaman google-a şikayət etsinlər". Çünki bunun qarşısını MİDA ala bilməyəcək. Ümumiyyətlə, sistem yanlışdır, evlər onlayn satılmamalıdır”.
F.Pərdəşunas kimlərinsə fərdi proqramçı tutmasının mümkünlüyünü vurğulayıb: “Ola bilər ki, kimsə fərdi proqramçı tutdurub, ona proqram yazdırıb. Bu, ancaq fərdi şəkildə kibermüdaxilələrlə olur. Hazır proqram yazılır, insanın etdiyini ekranda o edir və ona çox az zaman lazım olur. Beləliklə, vaxt qısalır. Lakin təhlükəsizlik üçün captcha qoyulub. Onu necə keçirlər, mənə də maraqlıdır. Müəmmalı məsələ odur. Bot edibsə, "captch"adan necə keçib? Adi adam edibsə, 500 ev qısa zamanda necə satılıb? Hamısı İT mütəxəssisidir?”.
Məsələni aydınlaşdırmaq üçün bəzi saytlar tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinə sorğu göndərilib. Lakin onlara hələ də cavab verilməyib.