
Əfqanıstanın keçmiş vitse-prezidenti, sovet işğalına və “Taliban” qruplaşmasına qarşı mübarizənin liderlerindən biri, özbək əsilli marşal Əbdül Rəşid Dostum avqustun 10-da Türkiyədən ölkəsinə qayıdıb.
Senzor.az xarici KİV-ə istinadən xatırladır ki, bu ilin əvvəlində xəstəliyi səbəbi ilə Türkiyəyə müalicəyə gedən Rəşid Dostum məmləkəti Cauzcanın “Taliban” hücumuna məruz qaldığını eşidib, müalicəsini yarımçıq kəsərək Kabilə qayıtmışdı. Bir neçə günə toparlanana qədər isə Cauzcan vilayəti “Taliban” tərəfindən ələ keçirildi.
…Məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qəni bu gün (avqustun 11-də) ölkənin şimalında yerləşən Bəlx əyalətinə səfər edib. O, Əfqanıstanın şimal əyalətlərində təhlükəsizliklə əlaqədar yaranan vəziyyət fonunda Məzari-Şərif şəhərinə gedib.
Dövlət başçısını təhlükəsizlik və siyasi məsələlər üzrə müşaviri Məhəmməd Mühəqiq və mücahidlərin keçmiş komandanı Cuma Xan Həmdərd müşayiət edirlər.
Keçmiş vitse-prezident Əbdül Rəşid Dostum da Prezidentlə görüşmək üçün Məzari-Şərifdədir. Bu şəhərdə Əşrəf Qəni, Əbdül Rəşid Dostum, Bəlx əyalətinin keçmiş icra başçısı Atta Məhəmməd Nur və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə müşavirə keçirilir.

Məlumata görə, ölkənin qərbində yerləşən Nimruz əyalətinin mərkəzi Zaranc, şimaldakı Samanqan əyalətinin mərkəzi Talokan, şimaldakı Tahar əyalətinin paytaxtı Tahar, bu istiqamətdəki Cauzcanın mərkəzi Sar-e-Pol şəhərləri “Taliban”ın nəzarətinə keçib.
Ovqat.com xatırladır ki, Məzari-Şərif Rəşid Dostumun 1990-cı illərin ortalarında mərkəzi qərargahı kimi tanınırdı: “Marşalın ilk işə burdan başlaması bu mənada təsadüfi deyil. Ümid var ki, marşal qısa müddət ərzində özbək, türkmən, hazara və tacikləri öz ətrafında toplayaraq Güney Türküstanı bu işğaldan azad edəcək. Daha sonra, təbii ki, sıra Əfqanıstanın digər vilayətlərinə də gələ bilər. Necə deyərlər, birinci evin içi, sonra çölü”.